Qənirə Paşayeva məşhur türk müğənnisi ilə Tərtərə gedəcək

19 İyun 2013 11:15 (UTC+04:00)
Govkhar Groupun səsi bu dəfə cəbhə xəttindən gələcək.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-in və Govkhar Groupun birgə təşkilatçılığı ilə keçiriləcək xeyriyyə konsertinə Türkiyənin məşhur ifaçısı, sevilən sənətçi Mustafa Yıldızdoğan dəvət olunub. Mustafa Yıldızdoğan həmçinin iyunun 22-si Azərbaycan Dövlət Filarmoniyasında "Qarabağdan Anadoluya könül körpüsü" adlı konsert proqramı ilə də çıxış edəcək.

Sənətçi ayın 21-i 8 nəfərlik heyəti ilə birgə günorta saatlarında Bakıya gələcək. Hava limanından enər-enməz Tərtərə yola düşəcək. Azərbaycan Dövlət Filarmoniyasında çıxış etməzdən öncə Tərtərdə qaçqın ailələr və əsgərlər qarşısında konsert verəcək. Qonaqlar ilə birgə millət vəkili Qənirə Paşayeva və Azərbaycanın Əməkdar incəsənət xadimi bəstəkar Gövhər Həsənzadə də Tərtərə yola düşəcək.

İyunun 22-də isə Mustafa Yıldızdoğanın Dövlət Filarmoniyasında geniş konsert proqramı nəzərdə tutulub.

Bahar Rüstəmli
AzNews.az