Aznews TV: Nazirliklərin sosial şəbəkədəki fəaliyyətləri (ıı hissə)

20 İyun 2013 16:54 (UTC+04:00)


AzNews.az nazirliklərin sosial şəbəkə hesablarının təftişini davam etdirir. Bugünkü sayımızda Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi və Xarici İşlər nazirliklərinin sosial şəbəkə hesablarını araşdırmışıq.
Fövqəladə Hallar nazirliyinin rəsmi saytında sosial şəbəkə keçidlərinə rast gəlmədik. Facebook-da axtarışlarımız zamanı tapılan bir səhifədə isə passivlik müşahidə olunur. Səhifədəki son məlumat 12 yanvar 2012-ci ilə aiddir. Digər səhifələr isə çox güman ki, rəsmi deyil.

Gənclər və İdman Nazirliyinin rəsmi saytında isə həm facebook, həm də twitter sosial şəbəkələrinin qurğuları yerləşdirilib. Facebook səhifəsi qismən aktiv paylaşımlar etsə də, twitter səhifəsi olduqca passivdir.
Nazirliyin mətbuat xidməti ilə saxladıq. Qabil Mehdiyev bildirdi ki, sosial şəbəkələr birbaşa onların nəzarətində deyil, amma onlar ara-sıra bu hesablarla məlumatlar paylaşırlar.

Xarici İşlər Nazirliyinin rəsmi saytında isə nazirliyin youtube və twitter hesablarının keçidləri var. Youtube hesabında kosmetik problemlər olsa da, aktivlik digər hesablara nisbətən qənaətbəxşdir. Son video iki həftə öncə əlavə edilib. Twitter hesabında da xəbərlər mütəmadi olaraq paylaşılır.
Diqqətimizi çəkən bir məqam da ondan ibarətdir ki, nazirlik hesablarının heç birinin rəsmiliyini sübut edən işarə yoxdur.

Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirdi ki, onlar üçün hesabın rəsmi yox, sadə olması önəmlidir. Ona görə pullu hesablar almağa ehtiyac görmürlər. O, həmçinin əlavə etdi ki, gələcəkdə səfirlikləri də bu sahədə aktiv fəaliyyətə cəlb edəcəklər.