Akif Muradverdiyev Bakı aeroportunda saxlanıldı - Yeniləndi

20 İyun 2013 20:37 (UTC+04:00)
"Akif Muradverdiyev barəsində Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib". Bunu APA-ya açıqlamasında Muradverdiyevin vəkili Fuad Ağayev deyib.

F. Ağayev bildirib ki, A. Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib.

Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, A.Muradverdiyev 2005-ci ilin oktyabrında həbs edilib və məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona 2008-ci ilin yanvarında Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və azadlığa buraxılıb.


*******
21:55
Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev Bakı hava limanında saxlanılıb.

Bu barədə APA-ya onun vəkili Fuad Ağayev məlumat verib.

Fuad Ağayev deyib ki, A.Muradverdiyev xaricə uçmaq istəyərkən gömrükçülər tərəfindən saxlanılıb: "Akif Muradverdiyevin saxlanılması barədə xəbəri mənə onun qohumları verdilər. Onlar bildirdilər ki, saxlanılmanın səbəbi kimi gömrükçülər onun üzərində 12 min ABŞ dolları vəsaiti qanunsuz olaraq ölkədən xaricə çıxarmaq istəməyi göstəriblər".

Vəkil bildirib ki, A.Muradverdiyevin barəsində hər hansı bir istintaq tədbiri başlamayıb və məhkəmə qərarı yoxdur.

AzNews.az