Bakıda keçirlən Dünya Kuboku başa çatdı - FOTOLAR

23 İyun 2013 20:40 (UTC+04:00)
Bakıda keçirilən idman dırmanması üzrə Dünya kubokunun qalibləri müəyyən olunub.

Trend-in məlumatına görə, kişilər arasında Dünya kubokunun qalibi rusiyalı idmançı Stanislav Korokin olub. İkinci yeri ukraynalı Yaroslav Qontuk, üçüncü yeri isə italiyalı Lenardo Qontero tutub.
Qadınlar arasında Dünya kubokunun qalibi də rusiyalı idmançı - Yuliya Kaplina - olub. İkinci pilləyə rusiyalı Alina Qaydamanika, üçüncü pilləyə isə polşalı Aleksandra Rutinska yüksəlib.
Yarışmanın sonunda qaliblərə medallar və pul mükafatları təqdim olunub.
Sonda çıxış edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) prezidenti Hüseynqulu Bağırov yarışda iştirak edən bütün idmançılara təşəkkürünü bildirib və qalibləri təbrik edib. O, Azərbaycanın növbəti idman dırmanması üzrə Dünya kubokuna da ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Daha sonra çıxış edən Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) prezidenti Marko Skolaris yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib və idmançıları təbrik edib. Skolaris qeyd edib ki, yarış yüksək səviyyədə keçirildi və möhtəşəm performanslar nümayiş etdirildi.

Qeyd edək ki, FAIREX və IFSC-nin birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçirilən Dünya kubokunda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edib. Yarış zamanı qadınlar arasında yeni dünya rekordu (8.05 saniyə) qeydə alınıb.

AzNews.az