Müəllimlər rüşvət alarkən yaxalandı - Foto

24 İyun 2013 09:55 (UTC+04:00)


Lənkəran Dövlət Universitetində növbəti rüşvət iddiası

Lənkəran Dövlət Universiteti yenidən rüşvət qalmaqalı ilə gündəmə gəlib.
Əvvəlcə onu qeyd edək ki, bir neçə gün öncə universitetin bir qrup tələbəsi LDU-da müəllimlərin onlardan rüşvət tələb etməsi ilə bağlı mətbuata müraciət edib.

AzNews.az-a daxil olan məlumata görə, bu müraciətin ardınca universitet rəhbərliyi həmin tələbələrlə görüşüb və onlara yaydıqları bu məlumatı təkzib etməyi tapşırıb. Universitetdə jurnalistlərin də iştirakı ilə geniş tədbir keçirilib və tələbələrə müsahibə verərək, rüşvət iddialarını yalanlamaq tapşırılıb.

Tələbələr isə geri çəkilmək niyyətində deyil. Onlar universitet rəhbərliyinin onlardan rüşvət tələb etməsi ilə bağlı məsələnin sonuna qədər getməkdə israrlıdırlar. AzNews.az-a göndərilən bu fotoda da rüşvət alınması anının əks olunması iddia olunur. Bildirilir ki, müəllimlər - Haqverdi Babayev, Sənan Əzizov qrup rəhbərlərindən imtahan haqlarını alırlar.
Məsələ ilə bağlı LDU ilə əlaqə cəhdlərimiz baş tutmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, bir neçə ay əvvəl Lənkəran Dövlət Universiteti rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. Universitetin prorektoru Qorxmaz Ağayev rüşvət alarkən yaxalanmış, bunun ardınca isə aldığı rüşvəti udaraq, dəlilləri aradan çıxarmağa cəhd etmişdi.

Elvin
AzNews.az