Naxçıvan MR rəhbərliyi İbrahim İbrahimlini təkzib etdi

25 İyun 2013 15:15 (UTC+04:00)
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi İbrahim İbrahimlinin Naxçıvana buraxılmaması xəbərini təkzib edir.

Milli Şuranın və İctimai Palatanın üzvü İbrahim İbrahimli mediaya bildirmişdi ki, iyunun 23-də qardaşı oğlu Orxan İbrahimovun yas mərasiminə gedən zaman Naxçıvan hava limanından onu muxtar respublika ərazisinə buraxmayıblar və o, geriyə - Bakıya qayıtmalı olub.

İyunun 25-də Naxçıvan MR daimi nümayəndəliyindən "Media forum" saytına daxil olan açıqlamada isə bildirilir ki, İbrahim İbrahimlinin Naxçıvana buraxılmaması xəbəri uydurmadır.

İbrahim İbrahimlinin Naxçıvan Muxtar Respublikasına qarşı əsassız ittihamlar səsləndirməsi kimi qiymətləndirilir.

Açıqlama bu sözlərlə bitir: "Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi bir daha bəyan edir ki, radikal müxalifətin kütləvi informasiya vasitələrində həqiqətdən uzaq və əsli olmayan məlumatlarla Naxçıvan Muxtar Respublikasına qarşı apardığı böhtançı təbliğat muxtar respublika ictimaiyyəti tərəfindən nifrətlə qarşılanır".

AzNews.az