Tanınmışlar toylara nə qədər pul xərcləyir? - Azərbaycanda

26 İyun 2013 19:46 (UTC+04:00)
"Elimin toy kimi bir adəti var, Bu gözəl adətinə hörməti var". Gəlin açıq danışaq, indi doğrudanmı belədir?! Doğrudanmı, toylara münasibət əvvəllərdə olduğu kimidir?


Etiraf edək ki, "həmişə toylarda" arzusu erroziyaya məruz qalaraq alqış statusunu itirməkdədir. Məsələ burasındadır ki, toylara çəkilən xərclər toya dəvət olunanların aylıq gəliri ilə ciddi şəkildə tərs-mütənasiblik təşkil edir. Elə respondentlərimiz də açıq danışıblar. Onlarla toylara çəkdikləri xərclər barədə danışmışıq. Buyurun bu da cavablar:

Aydın Mirzəzadə, deputat:

- Toya getmək zərər kimi başa düşülə bilməz. Bu şərəfdir, qarşılıqlı köməkdir, insanların bir-birinə dəstəyidir. Mən neçə toya getdiyimi saymıram.

Telli Pənahqızı, jurnalist:

- Çalışıram cibimə uyğun hərəkət edim, əgər dalbadal 2-3 toya getsəm, büdcə-filan tab gətirməz.


Şahin Seyidzadə, QHT Milli Şurasının sədri:

- Ay ərzində nə qədər xərclədiyimə xüsusi diqqətlə fikir verməmişəm. Çünki bu hər ay müxtəlif cür ola bilir.

Sevinc Çılğın, şair:

- Aman allahım! Heç soruşmayın! Amma eybi yox, təki gözəl ailələr çoxalsın, sadiq sevgilər, evliliklər olsun! Biz xərcə düşsək də olar. Adam toya gedəndə daha da baxımlı olur, paltarı da çoxalır. Bu isə mənə yarayır.

Əsəd Qaraqaplan, yazıçı:

- Biz bir qrup yazar dostlarla birgə toyları boykot eləmişik. Ona görə də oktyabr ayından etibarən heç bir toya getmirik.

Aytən Tağıyeva, jurnalist:

- Misal üçün bu ay 2 nəfəri hesablasaq 200 manat, 5 nəfəri hesablasaq, 400 manat.

Zaur Əmiraslanov, ifaçı:

- Mən çox nadir hallarda toylara qonaq kimi gedirəm. Əgər gedirəmsə də o insan mənə çox yaxın olmalıdır. Çox yaxın insanlar da hər gün toy eləmir ki…

Rəşad Abbaslı, müəllim:

- Son vaxtlar xoşbəxtlikdən toylara az çağırırlar. Sonuncu dəvət olunan toya getmədim. Bu ay isə cəmi bir toy var. Qiyməti 100 AZN.

Firudin Məhərrəmov, Hüseyn Ərəblinski adına Musiqili Dram Teatrının baş rejissoru:

- Toylara getmək üçün özüm seçim edirəm. Hər toya getmirəm. Ümumiyyətlə, xərclədiyim isə 3 aydan bir 100 manatdır.

Ağalar Bayramov, ADMİU-nun dosenti, əməkdar artist, bədii qiraət ustası:

-Vallah fikir verməmişəm. Çünki nə yalan deyim, həm də toylardan qazanmışam axi...

İradə Tuncay, "Ədalət" qəzetinin baş redaktoru:

- Ay ərzində toylara təxminən 1500-2000 civarında pul xərcləyirik.

Aysel Əlizadə, yazar:

- Mən ümumiyyətlə toylara getmirəm. Çox nadir hallarda olur. O da ki, ən yaxın və ən çox dəyər verdiyim adamlar evlənəndə gedirəm. Bu da ayda-ildə bir olur.

Əkbər Qoşalı, nasir, publisist:

- Bu məsələ, nə gizlədim, mənimçün də, belə deyək, "çətinliyini qoruyub saxlayan" bir olaydır. Toy xərcləri aya görə dəyişir, təbii. Dəqiq hesabat aparmamışam, bəlkə belə bir hesabat aparmaq bir o qədər diqqətəşayan deyil. Biz getsək də, getməsək də, dəvət olunduğumuz toylar qutlu olsun!

Samirə Mustafayeva, jurnalist, ATV-nin "Son xeber" proqramının aparıcısı:

- Əlbəttə ki, çox toy olsa, 1 ayda təsəvvür edin 5 toy 100 manatdan – bu, nə deməkdir. Toylarda üçün artıq qiymət formalaşıb. Bir az təmtəraqlı toy fərqi yoxdu, kimdi - qiyməti də çoxdur. Amma heç kəsin ağlına gəlmir ki, imkansız toya çox pul salaq. Qoy həmişə toy olsun, eybi yoxdur, ruzisi gəlir.

Xatirə Süleymanova, aktrisa:

- Mən xınayaxdı məclisləri aparıram... Özüm qazanıb, sonra qohum-əqrəba toyuna xərcləyirəm. Yoxsa 140 manat maaşımla ancaq communal xərcləri ancaq çatdıra bilirəm.

Aynur Qurbanqızı, jurnalist:

- Düzünü desəm, 0 manat. Çünki, toylara pulumu tökəcək qədər ağılsız deyiləm. BDU-da dövlət maaşım 240 manatdır. Əgər hansısa toya gedib 100 manat yazdıracamsa, bu o deməkdir ki, 15 gün mən kimsə üçün səhərdən axşama işləmişəm. Azərbaycan toylarına YOX demişəm. Qardaş ölkə Türkiyədə süfrədə şirniyyat və içkidən başqa heç nə yoxdur. Bizdə, israfçılıq edib menyuya 50 cür isti yemək və salatlar salırlar. Başa düşürəm, ev yiyəsi xərcə düşür. Amma hansısa ev yiyəsinin ağılsızlığına, "palaza bürün, ellə sürün" kimi zəifliyinə, yaxud özünü kimlərəsə reklam etməsinə biz niyə qurban getməliyik? Bu səbəbdən, mən heç bir toya getmirəm, əgər nə vaxtsa getməli olsam, o zaman büdcəmə uyğun pul yazdıracam.//azvision.az//


AzNews.az