20 tona yaxın keyfiyyətsiz ərzaq məhsulları satışdan çıxarıldı

28 İyun 2013 20:08 (UTC+04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Qax rayonunda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda tədbir keçirib. Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinin istehlakçı hüquqlarının qorunması olduğunu, Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində işlərin daha da gücləndirildiyini vurğulayıb. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran A. Əliyev dövlət xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini söyləyib. O bildirib ki, 2013-cü ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 30 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1 200 yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb.

Tədbirdə bildirilib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə dövlət xidməti tərəfindən müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Dövlət xidməti tərəfindən bu ilin ötən dövrü ərzində keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri qanunvericiliyin tələblərinə uyğun olmayan 19,8 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

AzNews.az