Qəbələyə MDB-nin mədəniyyət paytaxtı sertifikatı təqdim olundu

30 İyun 2013 06:20 (UTC+04:00)
MDB-yə üzv dövlətlərin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Dövlətlərarası Humanitar Forumunun ötən il oktyabrın 15-17-də Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub.

APA-nın məlumatına görə bununla əlaqədar olaraq iyunun 29-da Qəbələdə "MDB-nin mədəniyyət paytaxtları- 2013" dövlətlərarası proqramının təntənəli açılış mərasimi olub.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv ölkələrin humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu qonaqları salamlayaraq mərasimdə 10-dan çox ölkənin nüfuzlu rəsmi nümayəndəsinin iştirak etdiyini deyib. Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbriklərini çatdıran səfir humanitar əməkdaşlıq fondunun yaranması və fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, fond MDB məkanında humanitar əməkdaşlığın genişlənməsinə təkan verir. Qəbələnin beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi etdiyini deyən səfir Azərbaycanın bu qədim şəhərinin beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrildiyini bildirib.

Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev, Qırğızıstan Respublikasının Prezident Aparatının eksperti Zayırbek Erqeşov, Moldovanın Mədəniyyət Nazirliyinin "Moldova-Konsert" Milli Mədəni Mərkəzinin sədri Valentin Qoqa, Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Onlar Qəbələdə olduqları müddətdə yüksək qonaqpərrəvlik gördüyünü məmnunluqla söyləyiblər.

Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağli sertifikatin təqdimetmə mərasimi olub. Sertifikat rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə təqdim olunub.

Sonra Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunub.

AzNews.az