Əlillər müalicə üçün xaricə göndərilir

3 Avqust 2012 13:28 (UTC+04:00)


Avqustun 6-da ilk dəfə olaraq ölkəmizdən 30 nəfər dayaq-hərəkət sistemi xəstəlikləri olan əlil vətəndaş 28 günlük bərpa-müalicə kursu keçmək üçün Bolqarıstana yola salınacaq. Daha 55 nəfər əlilliyi olan şəxs isə Ukraynanın Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək. Bunu AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindndən İlham Süleymanov bildirib.

Qeyd edək ki, bu gün Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə görüş keçirilib. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov əlil şəxslərin sağlamlığının bərpasının, onların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ilbəil gücləndilir. Görüş zamanı qeyd olunub ki, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənən "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" bu təbəqələrdən olan şəxslərin sağlamlığının mühafizəsi və tibbi bərpası xüsusi yer tutur. Eyni zamanda, onların xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, sanatoriya-kurort müalicələrinin təşkili və s. istiqamətlərdə tədbirlər də nəzərdə tutulub.

Qeyd olunub ki, ənənəvi olaraq hər il əlilliyi olan şəxslər qrup halında Ukrayna Respublikasının Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndərilir. Həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır. Bununla yanaşı, cari ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əldə edilmiş anlaşmaya əsasən, dayaq-hərəkət sistemi xəstəlikləri olan əlillərin bu ildən etibarən həmin ölkədəki sanatoriyalarda müasir müalicə metodları əsasında bərpa müalicələrinin təşkilinə başlanır.


Sevinc

AzNews.az