Çavuşoğlu ermənilərin Qarabağda məskunlaşdırma siyasətindən danışdı

3 Avqust 2012 15:46 (UTC+04:00)

Dağlıq Qarabağa başqa ərazilərdən əhali köçürməklə həmin ərazini erməniləşdirmək olmaz. Çünki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın tarixi torpaqlarıdır. Bunu SalamNws-a açıqlamasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrinin xüsusi nümayəndəsi, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Mövlud Çavuşoğlu bildirib. Suriyadakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məsələsinə toxunan M.Çavuşoğlu söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa Ermənistan tərəfinin atdığı bu cür addımların dərhal qarşısını almalıdır. Əks halda isə bu Azərbaycan və Ermənistan arasında vəziyyəti daha da gərginləşdirər.Onun sözlərinə görə, Suriyadakı erməni mənşəli əhalinin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi ATƏT-in Minsk qrupunun, Avropa Şurasının, Avropa Birliyinin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara tam ziddir.

M.Çavuşoğlu deyib: "Hazırda Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycan torpağıdır. Ermənistanın işğalında saxlanılan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi qəbuledilməzdir və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir.

Əgər Ermənistan bu cür yolla Dağlıq Qarabağa sahib olacağını düşünürsə, o zaman çox səhv edir".

Xatırladaq ki, Daşnaksutyun partiyasının işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılıb. Təşkilatın toplantıda Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunub. Ermənilərin işğal etdikləri Qubadlı, Zəngilan və Laçın rayonunun bir hissəsində yaratdıqları "Kaşataq" adlı qondarma rayonun rəhbəri Suren Xaçatryan Suriya ermənilərindən bu əraziyə köçmək üçün müraciət aldığını deyib. O, artıq 1 ailəni yerləşdirmək üçün razılığa gəldiklərini və daha 5 ailəni qəbul etməyə hazır olduqlarını bildirib. S.Xaçatryan son hadisələrdən əvvəl Suriyadan 7 ailənin gəldiyini və 5 ailənin burada qaldığını söyləyib.


Aznews.az