İranın viza notası Azərbaycanda gərginlik yaradır

6 Avqust 2012 10:03 (UTC+04:00)


Azərbaycanın Xarici İşlər Hazirliyi: "Gərginlik müvəqqəti olacaq"


Ötən həftə İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycana nota təqdim olunub. Sözügedən notada qeyd olunur ki, cari ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarına İrana səfər etmələri üçün viza rejimi tətbiq olunacaq. Bildirilir ki, bu tarixdən sonra əvvəlki viza rejimi bərpa olunacaq.

"Təki viza rejimi barədə İranın atdığı addım müvəqqəti olsun. İndi bizə bunun nə ilə nəticələnəcəyini gözləmək qalır. Görək İran nə dərəcədə notada əksini tapan maqama riayət edir, bu nə dərəcədə indiyə kimi yürüdülən yanlış siyasətin davam etdirmənin nəticəsidir". Bunu AzNews.az-a siyasi elmlər doktoru Elman Nəsirli deyib. İranın məlum notasına şübhəsi açıq-açığına hiss olunan E.Nəsirli bildirib ki, İran xeyli müddətdir Azərbaycana qarşı viza rejimini götürüb. Amma notada deyildiyi kimi vizanın tətbiqi də müvəqqətidir.

Onun sözlərinə görə, 120-dən çox dövlət təmsilçisinin iştirak edəcəyi tədbir günlərində vizanın tətbiqi birdəfəlik anlamı da daşımır: "İran tərəfi təkcə Azərbaycana deyil, vizanı qaldırdığı digər ölkələrə qarşı da analoji addım atdığını notasında qeyd edib. Amma əgər İranın Azərbaycanla münasibətləri normal getsəydi, İran Azərbaycana münasibətdə dostluq, qonşuluq prizmasını əsas tutsaydı, Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla ənənəvi dostluq siyasəti yeritməsəydi, təbii ki, belə notalarda əksini tapan məqamlara normal yanaşa bilərdik. Məsələ ondadır ki, bu ölkənin "Səhər" televiziyası səhərdən axşama kimi anti-Azərbaycan təbliğatı ilə məşğuldur. Eyni zamanda da rəsmi Tehran bilavasitə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Azərbaycanın daxili işlərinə qarışır. Bu mənada İranın bu kimi notalarında səslənən fikirlərə də bəzən birmənalı yanaşmaq olmur. Bu Azərbaycana qarşı İranın indiyə kimi yürütdüyü anti-Azərbaycan siyasətinin davamı hesab olunur".

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan vətəndaşları vizanın qaldırılması sayəsində İran vasitəsilə Naxçıvana rahat gedib-gələ bilirdilər. Bu mənada vizanın bərpası müəyyən çətinliklərsiz ötüşməyəcək. Məsələ barədə Azərbaycanın Xarici İşlər Hazirliyinin mətbuat katibliyindən AzNews.az-a bildirilib ki, bu, müvəqqəti xarakterli olduğundan çətinlik də davamlı olmayacaq: "Naxçıvana və oradan da Azərbaycanın digər ərazilərinə gedənlər İran nümayəndəliklərinə müraciət etməli olacaqlar. Doğrudur, bu ay ərzində insanlar müəyyən çətinliklərlə üzləşə bilərlər, amma bu, müvəqqəti olacaq".


Gültən

AzNews.az