Azərbaycanda təhsil proqramları dəyişdirilir

5 Noyabr 2013 10:08 (UTC+04:00)
Azərbaycanda ali məktəblərdə pedaqoji ixtisas üzrə təhsil almaq istəyən gənclərə gələn ildən yeni proqramlarla dərs keçilməsi nəzərdə tutulur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən bakalavriat səviyyəsində müəllim hazırlığı aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanıb. Artıq onların ekspertizası həyata keçirilib. Proqramlar təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur.

Bu proqramların əvvəlki təhsil proqramlarından əsas fərqi isə odur ki, yeni proqramlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanır. Proqrama daxil olan fənlərin məzmunu tələbələrin həmin bilik, bacarıq və kompetensiyalara yiyələnməsini təmin edəcək.

TN tərəfindən müəllim hazırlığı aparılan ixtisaslar üzrə təhsil proqramlarına yenidən baxılmasının səbəbi ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu zamanı imtahan vermiş namizədlərin bir qisminin bilik səviyyəsinin kifayət qədər yüksək olmamasıdır.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant müəllim vəzifəsinə işə qəbul olunmaq üçün imtahan verən 15030 nəfərdən yalnız 1474-ü işə qəbul edilib.

Təhsil naziri Mikayıl Cabbarov da hesab edir ki, ali məktəb məzunlarının göstəriciləri və müəllimlərin işə qəbulu üçün kecirilən imtahanlar müəllim işləmək istəyənlərin bilik səviyyəsinin qaneedici olmadığını göstərir.

AzNews.az