Həmsədr Dağlıq Qarabağ münaqişəsindən danışdı

5 Noyabr 2013 10:21 (UTC+04:00)
Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir müddət əvvəl mümkün olmayan "imkan pəncərəsi" açılıb.

Bunu Trend-ə müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

C.Uorlik qeyd edib ki, ABŞ bu "imkan pəncərəsinə" inanır: "Biz həmsədrlər vasitəsilə işləmək istəyirik və qarşılıqlı şəkildə sülh prosesini asanlaşdırmaq üçün əlimizdən gələni etməyə hazırıq".

Həmsədrin sözlərinə görə, vasitəçilər Azərbaycanda və bundan öncə Ermənistanda keçirilən prezident seçkilərindən sonra yeni imkanlar yarandığını görərək, Prezident İlham Əliyevlə danışıqlar aparıblar və Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyanla danışıqlar aparacaqlar: "Hesab edirəm ki, hər iki ölkənin - Azərbaycan və Ermənistanın əhalisi sülhə və əmin-amanlığa layiqdir. Biz buna bir yol tapmalıyıq. Mənim həmsədr kimi bu işi öhdəmə götürməyimin səbəbi sülhə aparan yolu tapmağın mümkünlüyünə əminliyimdir".

C.Uorlik bildirib ki, sülh yolu ilə həllə nail olmaq üçün regiona istənilən qədər səfər etməyə hazırdır. İki ölkə prezidentlərinin görüşü barədə danışan həmsədr qeyd edib ki, bu, dövlət başçılarından asılıdır: "Bu, təkcə həmsədrlərin verəcəyi qərar deyil. Lakin biz görüşün bu il baş tutması üçün çalışırıq".

C.Uorlikin sözlərinə görə, bu, ən yüksək səviyyədə ünsiyyətin qurulmasına kömək edəcək: "Ümid edirik ki, bu görüş real sülh prosesi, hərtərəfli danışıqlar, hər iki ölkə üçün faydalı olacaq həllə gətirib çıxaracaq. Prezident İlham Əliyevlə müsbət müzakirələr apardıq. Əgər irəliyə getmək üçün siyasi iradə varsa, biz kömək etməyə hazırıq. Demək olar artıq iki ildir ki, prezidentlər görüşməyiblər və bu iki il ərzində irəliyə yol tapa bilməmişik".

Həmsədr bildirib ki, münaqişə tərəflərinin hərtərəfli danışıqlar keçirmək istəyi arzuolunandır və bu, çox vacibdir: "Ümidvarıq ki, prezidentlər danışa bilsələr, onlar bu konstruktiv danışıqlarda doğru yol tapa biləcəklər. Hazırda bu proses məhsuldar şəkildə irəliləmir və biz prosesin sülhə aparacaq yola istiqamətlənməsini istərdik".

Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair əsas prinsiplər barədə danışan C.Uorlik qeyd edib ki, prezidentlərin məhz elə bu barədə danışmasına ehtiyac var: "Bu gün biz əsas prinsiplər üzərində işləyirik. Bizim işimiz hərtərəfli danışıqlara aparan yolu tapmağa kömək etməkdir. Bu, iki prezidentin qəbul edəcəyi qərar olmalıdır".

ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz olunması məsələsinə toxunan C.Uorlik bildirib ki, münaqişə tərəfləri Minsk qrupuna inanmağa və onun vasitəsilə işləməyə davam edir.

"Problem danışıqların formatında deyil, məsələ siyasi iradədə və tərəflərin münaqişənin həll yolunu tapmağa doğru irəliləyib-irəliləməməsindədir. Yaxın həftələrdə bizim araşdırmaq istədiyimiz də elə budur".

C.Uorlikin sözlərinə görə, seçkilər irəliyə doğru getmək üçün əlverişli şərait yaradır.

Dağlıq Qarabağ probleminin digər münaqişələrlə müqayisəsinə gəlincə, amerikalı həmsədr vurğulayıb ki, münaqişələri müqayisə etmək çox çətindir, çünki problemlər və onların səbəbləri də müxtəlifdir:

"Bu işə başlamamışdan öncə, mən Əfqanıstan üzrə çalışırdım və ikitərəfli təhlükəsizlik müqaviləsi üzrə əsas vasitəçi idim. Bu, çətin danışıqlar idi, lakin biz irəliyə doğru yolu tapa bildik. Dağlıq Qarabağa dair danışıqlar da çətin danışıqlardır, edilə biləcək seçimlər çətindir. Lakin bu, həll oluna bilən münaqişədir. Düşünürəm ki, hər iki ölkənin xalqı sülhə aparan yolu tapmağa layiqdir. Artıq vaxt gəlib çatıb. Əgər mən münaqişənin həllinə yardımçı ola bilirəmsə, ABŞ və həmsədrlər bu prosesə kömək edə bilirsə, onda biz bunu etməyə hazırıq".

AzNews.az