Bakıda sürücülərə qarşı sərt tədbirlər- FOTO

5 Noyabr 2013 15:06 (UTC+04:00)
Bu gün Nəqliyyat Nazirliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi metronun "20 Yanvar" stansiyası istiqamətində bölgələrdən paytaxta gələn avtomobillərin hərəkətində sıxlığın aradan qaldırılması məqsədilə birgə reydlər keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, birgə reydlərin məqsədi sərnişindaşımadan isifadə edən sürücülər arasında nizam-intizamın yaradılması və yaradılan süni sıxlığın qarşısının alınmasıdır.

Onun sözlərinə görə, aparılan müşahidələr göstərir ki, "20 Yanvar" stansiyası yaxınlığında qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər dayanma və durmanı qadağan edən nişanlara məhəl qoymurlar, eləcə də yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar.

V.Əsədov deyib ki, bu günə qədər təsirli tədbirlərin görülməsinə baxmayaraq, lazımi nəticə əldə edilməyib: "Belə ki, minik avtomobilləri avtobus dayanacaqlarını zəbt edirlər. Avtomobillərin yolun ikinci sırasında park edilməsi və yolun daralması nəqliyyat vasitələrinin hərəkətinə çətinliklər yaradır".

V.Əsədov bildirib ki, bu gün keçirilən birgə reydlər zamanı həddindən artıq qayda pozuntuları aşkar edilib. KİV nümayəndələrinin iştirakı ilə keçirilən reydlər zamanı hətta qanunun tələblərini yerinə yetirməkdən boyun qaçıran sürücülər avtomobili Nəqliyyat Nazirliyi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının üstünə sürməkdən belə çəkinməyiblər.

Bölmə rəisinin sözlərinə görə, bu cür hərəkət edərək ərazidən uzaqlaşan 19 sürücü barəsində raport tərtib edilib və yerində görülmüş tədbirlər nəticəsində hadisə yerindən qaçan 6 avtomobil sürücüsü ilə birgə saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Həmçinin reydlər zamanı 60-a yaxın qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücü aşkarlanıb. Xüsusilə Bakı-Sumqayıt istiqamətində qeyri-qanuni sərnişin daşıyan sürücülər barəsində protokollar tərtib edilib.

Bundan əlavə, sürücülük vəsiqəsi olmayan 6, avtobus dayancağını zəbt edən 42, yolun hərəkət hissəsinin ikinci cərgəsində dayanan 22 sürücü barəsində protokollar tərtib edilib. Reydlərə müdaxilə və maneçilik törədən vətəndaşlar barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan 10 sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Sənəd və avtomobilin açarını verməyən 6 sürücünün maşının cərimə meydançasına aparılması üçün evakuator cəlb edilib.

Nəqliyyat Nazirliyi və Bakının yol polisi sürücüləri bir daha nizam-intizamlı olmağa, qanunun tələblərini pozmamağa çağırır. Əks halda keçirilən reydlər zamanı qanunun tələblərini pozan şəxslər cəzalandırılacaq.

AzNews.az