Teymur Abdullayev istefasından danışdı

5 Noyabr 2013 16:14 (UTC+04:00)
"Mən ehtiyatdan həqiqi hərbi xidmətə çağırılmışdım və kadr heyətinə keçməmişdim. Bundan əvvəl də ehtiyata buraxılmaq istəyim var idi. Bu dəfə isə raport yazmağı qətiləşdirdim və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq maddəsinə uyğun olaraq tərxis olunmağımı xahiş etdim. Cənab nazir də bunu anlayışla qarşıladı və bu gün mənim ehtiyata buraxılmağım barədə əmr verdi".

Bunu APA-ya eksklüziv açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev deyib.

T. Abdullayev bildirib ki, xidmət etdiyim müddətdə bir amalı olub – Ali Baş Komandanın ordu siyasətində qoyduğu strateji xəttə söykənib dövlətimə xidmət etmək: "Mən bu millətə, bu dövlətə xidmət etmişəm, bundan sonra da dövlətimə xidmət edəcəyəm. Nazirliyin Mətbuat Xidmətinin kollektivinə və bütün jurnalist dostlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Allah hamının işini avand eləsin".

AzNews.az