Ceyhun Musaoğlunun təqdimatında: Ömrümüzü silən həftə

6 Avqust 2012 13:13 (UTC+04:00)


30 iyul-5 avqust.

İzlədiyimiz 6 günün birincisi İnsan Haqları Uğrunda İctimai Birliyin sədri Eynulla Fətullayevin əski əqidədaşlarına daş tullaması ilə əksər xəbərləri eşidilməz etdi. Eynulla Fətullayev 4 illik həbsxana həyatından sonra o adamları təhqir səviyyəsində tənqid etdi ki, o adamlar onun müdafiəsindən bir an da olsun geri çəkilməmişdilər. Bunun qarşılığında tənqid olunan Şahvələd Çobanoğlu, Xədicə İsmayılova, Emin Hüseynov da sakit durmadılar.

Azərbaycan Ordusunda növbəti ölüm hadisəsi baş verdi. 1992-ci il təvəllüdlü Orxan Qəhrəman oğlu Abbasov hərbi hissədə aldığı güllə yarasından həlak oldu. İlkin məlumata görə, əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Q. Abbasova dəyib.

Ehtiyatsız davranma... Hər dəfə eşitdiyimiz söz. Hələ müharibə yoxdur, əsgər silahla davrana bilmir. Bəs komandirlər hara baxır? Niyə əsgərlərə silahla davranmağı öyrətmirlər. Ehtiyatsız davranma sözünü kim eşidir, deyir, yalandı. Bəs doğrusu nədi? Suala cavab tapmağın yeganə yolu hərbi hissələrin qapılarını jurnalistlərin üzünə açmaqdı. Gedək araşdıraq, amma yazmayaq. Daha doğrusu yazaq, dərc etdirməyək, ordu rəhbərliyinə təqdim edək. Oxuyub da əyər-əskikləri aradan qaldırsınlar.

Bir günün iki şah xəbəri. İkisi də bəd.

İyulun 31-i. Pekin Olimpiadasının rekordsmeni, "ipon" ləqəbli Elnur Məmmədli London Olimpiya Oyunlarında cüdo döşəyində biabır oldu. O, dünya reytinqinə görə 50-ci yerdə olan idmançıya uduzdu.

Günün 2-ci hadisəsi: 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsində "Gilan Qəbələ Konserv Zavodu" "Yeni Müsavat"dan istədiyini rəsmiləşdirib. Qərara əsasən qəzet zavoda 50 min manat təzminat ödəməlidir. Nə mətbuata, nə də biznesə başucalığı gətirməyən hadisə.

Axşama yaxınlaşırıq. Son dəqiqələrdə daha bir dəhşətli xəbər. Müdafiə Nazirliyinin Goranboyda yerləşən "N" saylı hərbi hissəsində əsgər Mehdi Bahadır oğlu Sultanov tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Bir gündən sonra. Şair Salamdan: "Öləsən bir düşmən sevindirəsən". Düşmən sevindiririk.

Günü qapatmaq istəyirik ki, alverçi təfəkkürlü bəzi azərbaycanlılar ölkəmizin adına ləkə gətirən hərəkət edir. Britaniya televiziyası Azərbaycan rəsmilərinin qara bazarda Olimpiya biletləri satdığı barədə süjet yayımlayır. "Satılmır" elanlı biletləri xarici işlər nazirliyinin əməkdaşları satır. Biletlər avqustun 3-nə planlaşdırılan yüngünçəkili boks oyunlarını izləmək üçündür. Üzərində "Azərbaycan Olimpiya Komitəsi" yazılmış biletlərin qiyməti 20 funtdur.

Azərbaycan Olimpiya Komitəsi məsələyə şərh verməyib.

Biz də susuruq. Bu mövzuda nə qədər çox danışsaq, bir o qədər çox biabır olarıq.

Avqustun 1-i Azərbaycan Kinomatoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyova qarşı açılan savaşın növbəti günlərindən biri. Ən azı 150-si tanınmış şəxs olan 187 nəfər görkəmli kinodramaturq və rejissoru müdafiə edən bəyanat yayırlar. Utancvericidi: cəmiyyətin ziyalı kəsimi iki yerə parçalanıb. Görüləsi nə qədər işlərimiz var. Qarabağı almalıyıq, idmanımızın əlini-ayağını yığmalıyıq, dünya kino sənətinə töhfələr verməliyik, təhsilimizin səviyyəsini qaldırıb dünyanı azərbaycanlı təfəkkürü ilə şoka salmalıyıq...

Avqustun 2-si. Cümə axşamı. AzNews.az Krımdakı sanatoriyaların birinə ermənilərin Qarabağ Respublikasının vətəndaşları kimi qeydiyyata düşmələri xəbərini yayır. Xəbəri İlham Məmmədov adlı Qarabağ əlili verib. Uğrunda vuruşduğu torpağın müstəqil olduğunu göstərən böhtan xarakterli hadisə ilə qarşılaşanda onun nələr keçirdiyini bir Allah bilir. Əslində isə bu məsələyə Allahı qatmalı deyilik. Qarabağ sürətlə müstəqilləşir. Pulu, gerbi, himni, parlamenti, prezidenti var. Yazsaq ki, Qarabağı uduzduq, adamı topa tutarlar. Bax həmin "topçular" niyə Qarabağdakı qondarma pulu, gerbi, himni, parlamenti, prezidenti topa tutmurlar? Bu yerdə uşaq ağlaya-ağlaya deyir: "Gücünüz elə mənə çatır"…

Səhər açılır. Məhəmməd Əbdülhəmidov Londonda elə qələbə qazanır ki, uduzur. Hələ bir neçə gün dünya mediası bu şoudan danışacaq. Beynəlxalq Həvəskar Boks Federasiyasının açıqlamasından: "Döyüşün videosuna baxdıqdan sonra məlum olub ki, azərbaycanlı boksçu 3-cü raundda 6 dəfə yerə yıxılıb. Qaydalara əsasən, hakimlər ən azı 3 belə halı nəzərə almalıdırlar. AİBA qaydalarına əsasən, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir. Beləliklə, Yaponiya tərəfinin apellyasiyası qəbul olunub və döyüşün nəticəsi ləğv edilib. AİBA avqustun 2-də hakimlərin işinə baxacaq".

Eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti

Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb.

Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib.

Səhər davam edir. AzNews.az-dan oxuyuruq. "İcra başçısı adam bıçaqlayıb". Bu, yazının başlığıdı. İçərisində Ağcabədinin icra başçısı əvəzi Rövşən Əhmədov və onun qardaşı Əliş Əhmədovdan söhbət gedir.

Cümə günü: Ana dərd içində mətbuat konfransı keçirir. Deyir ki, oğlunun öldürüldüyü hərbi hissədə bir ay ərzində 8 nəfər əsgər ölüb.

Mərhum əsgər Pərviz İsgəndərlinin anasının dediklərindən: "Övladımın meyiti bizə təhvil veriləndə bildirdilər ki, Pərviz 4 saat əvvəl ölüb. Amma meyitə iydən yaxın durmaq olmurdu. 4 saat qalan meyitdən məgər o cür iy gələr? Meyitin üzərində kifayət qədər xəsarət izləri var idi. Qolu, ayağı, boynu sınmışdı. Məgər özünü asan adamın harasısa sınır ki? Bəs özünü asıbsa, onda sifətində və başının arxasında olan xəsarət izləri nə idi? Onu əvvəlcə vəhşicəsinə döyüblər, sonra isə öldürüblər. Oğlumun cəsədindəki cırmaq yerləri və qançırlar işgəncənin nəticəsidir. Ölümündən sonra xəbər tutduq ki, əsgərlikdə olarkən dostlarına zəng edib deyirmiş ki, məni incidirlər, bacarırsınızsa, evinizi satın əsgərliyə gəlməyin. Hərbi hissədə bir ay ərzində 8 nəfər əsgər ölüb. Övladımın meyitini alarkən, daxili orqanları çıxardılmışdı. Hətta orada eşitdik ki, öldürülən 8 əsgərin hamısının daxili orqanları götürülərək xaricə satılıb".

Şənbə günündən cəmi bir informasiya. Sevinirik. Oğlu vəhşicəsinə döyülən ana unudulur. Qafqazinfo.az Murovdağda Azərbaycan ordusunun uğurlu əməliyyat keçirdiyini oxucularına çatdırır. Yazır ki, ermənilərin əlindən bir yüksəkliyimizi almışıq. Xəbərdə duz bir qədər artıqdı. Əməliyyatın Müdafiə Nazirliyi Səfər Əbiyevin rəhbərliyi altında keçdiyi başlığa çıxarılıb. Guya ki, əməliyyata Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rəhbərlik etməli idi.

Həftənin son gününün son saatları. Londonda azərbaycanlıların yunan-roma güləşində dalbadal qazandıqları qələbələri izləyirik. Sonra gözləyirik. Emin Əhmədov və Rövşən Bayramov artıq zərblə qapadığımız və ömrümüzdən silinmiş həftəni yenidən özümüzə qaytara bilər. Yox, həftə əldən çıxdı. Emin Əhmədov yarımfinalda erməniyə uduzur.

Rövşən Bayramovu isə iranlı Məhəmməd Soryan finalda məğlub edir. Gümüş medal alırıq. Taleyimizə "dütdülü"yə sevinmək düşür.

Erməni düşməndi. Dosta uduzmaq olar, düşmənə yox. Güləş döşəyində ruh gücdən və fəndlərdən daha gərəklidi. Əksinə, qarşındakının düşmən olduğunu biləndə adama daha artıq güc gəlir.

Rövşənin qızılsız qalması hadisəsinə Cek Londondan bir sitat. Cek London deyirdi ki, Şimala qızıl axtarmağa gedəndə hamının susması ona böyük ədəbiyyat yaratmağa kömək edib. Qızıl axtaranlar saatlarla susur, Cek isə düşünməyə imkan qazanır. Və beləliklə möhtəşəm əsərlər yarada bilir.

Azərbaycan idmanında səs-küy çoxdu. Ortada heç nə olmamış televiziyalar idmançıları pafosun belinə mindirib göyə qaldırır. Bəlkə susaq. Qızıl dalınca gedəndə susarlar...


Ceyhun Musaoğlu

AzNews.az