Alimlər üçün inşa olunan bina gələn il hazır olacaq

7 Noyabr 2013 09:40 (UTC+04:00)
Bakı şəhərinin Hüseyn Cavid prospekti ilə Landau küçələsinin kəsişməsində ("Elmlər Akademiyası" metro stansiyasının qarşısında) alimlər üçün yaşayış binası tikilir.

Binanın tikintisi iki mərhələdə aparılacaq. Birinci mərhələdə 23 mərtəbəli bina tikilib. Onun ilk 5 mərtəbəsi əyləncə mərkəzi ("Park Academy"), qalan 18 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulub. Hazırda binada fasad işləri aparılır. Bu barədə "APA-Economics"ə binanın inşası layihəsini hazırlayan "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru Xəlil Cəfərov məlumat verib.

Onun sözlərinə görə, birinci mərhələnin tam şəkildə təxminən 5 aya yekunlaşdırılması planlaşdırılır: "Alimlərin burada yerləşən binası qəzalı vəziyyətdə olub. Həmin bina söküldü və yerində yeni yaşayış binası inşa olundu".

X.Cəfərov bildirib ki, binada yerləşən 100-dən artıq mənzilin 60-ı alimlər üçün nəzərdə tutulub. Qalan mənzillər isə artıq satılıb. Mənzillərin satış qiyməti ən azı 2 500 manat/kv. metr təşkil edib.

X.Cəfərov deyib ki, tikinti işlərinin ikinci mərhələsi isə hələ başlamayıb.
Belə ki, ikinci mərhələ çərçivəsində həmin ərazidə qəzalı vəziyyətdə olan digər yaşayış binasının sökülməsi planlaşdırılır. Hazırda bununla bağlı həmin binada yaşayan sakinlərlə danışıqlar aparılır. Sakinlərə kompensasiya olaraq pul və ya mənzil təklif olunacaq.

Qeyd edək ki, ilk binanın tikintisinə il yarım öncə başlanılıb və işlər 1 ha ərazidə aparılır. Tikinti işləri "Gilan" şirkəti tərəfindən həyata keçirilir.

AzNews.az