Hüseyn Abdullayevlə bağlı daha bir sensassion məlumat – 6 ay vaxt

8 Noyabr 2013 09:42 (UTC+04:00)
Xəbər verdiyimiz kimi keçmiş deputat Hüseyn Abdullayevin hazırda yaşadığı Almaniyada immiqrant statusu almaq üçün etdiyi müraciətə rədd cavabı verilib. Bu gün isə Hüseyn Abdullayevlə bağlı başqa bir sensassion məlumat əldə etmişik. Belə ki, Almaniyadan deportasiya edilmək təhlükəsi ilə üzləşən H.Abdullayev belə bir vəziyyətə düşməmək üçün bu ölkədə qaçqın statusu almaq üçün müraciət etdiyi məlum olub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, H.Abdullayev qaçqın statusu almaq üçün müraciətini Azərbaycanda siyasi təqiblərlə üzləşməsi, həbsdə qalması, onu cəzalandırmaq üçün qardaşının 2013-cü ildə gömrük orqanlarındakı işindən kənarlaşdırılması və barəsində cinayət işinin açılması ilə əlaqələndirib. H.Abdullayev qaçqın statusu almaq üçün müraciətinə bəzi sənədlər də əlavə edib. Bu sənədlər sırasına onun deputat olarkən Fəzail Ağamalı tərəfindən hücumlara məruz qalması, parlamentdəki məşhur davanın videogörüntürlərini, bu hadisədən sonra ona edilən hücumlar barədə mətbuatda dərc olunan yazılar, prezident seçkiləri öncəsi müəllifi olduğu "Susma" klipi, barəsində açılan cinayət işi ilə bağlı materiallar daxildir. Bütün bunları Almaniyanın müvafiq qurumlarına təqdim edən H.Abdullayev Azərbaycana qayıdacağı təqdirdə həyatı üçün böyük təhlükə olduğunu vurğulayıb.

AzNews.az-ın Almaniyada yaşayan və sığınacaq üçün müraciət edən soydaşlarımızdan əldə etdiyi məlumata görə isə qaçqın statusu almaq üçün müraciətindən sonra H.Abdullayev vəkillə də təmin edilib. Hazırda müvafiq qurumlar bu müraciətin araşdırılması ilə məşğuldur.

Almaniya qanunvericiliyinə görə, qaçqın statusu almaq üçün müraciətlərə 6 ay ərzində cavab verilməlidir. Hüseyn Abdullayevlə bağlı sənədlərdə onun Almaniyanın Vestfaliia Şimali Reyn torpağında məskunlaşdığı bildirilir. Başqa bir məlumata görə isə, Almaniya hökuməti H.Abdullayevin sübut kimi təqdim etdiyi materialları qəbul etməyə bilər. Buna səbəb isə H.Abdullayevin hələ də Azərbaycanda biznesinin olmasıdır.



Elnarə Əlosmanqızı
AzNews.az