Şahbaz Xuduoğlu: “Bu cür yoxlamalardan həmişə üzüağ çıxmışıq”

8 Noyabr 2013 09:46 (UTC+04:00)
Vergilər Nazirliyinin Vergi Auditi Departamenti noyabrın 1-də "Qanun" nəşriyyatında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatın sənədlərini, əlyazmalarını və kompüterlərini götürüblər.

Nəşriyyat fəaliyyətinə bir günlük ara verməli olub. Sonradan "Qanun" fəaliyyətini bərpa etsə də, sənədlər və avadanlıqlar hələ geri qaytarılmayıb.


- Nazirliyin əməkdaşları yoxlama zamanı nəşriyyatın hansı sənədlərini götürüblər?

- Mühasibatın bütün sənədləri və kompüterləri götürülüb. Hələlik sənədlərin tam siyahısını tutmaq, Vergilər Nazirliyində aparılan yoxlama prosesində iştirak etmək imkanım olmayıb. Heç yoxlama prosesinin hansı mərhələdə olduğundan da xəbərim yoxdur. Çünki Azərbaycanda deyildim. Ümumiyyətlə, nazirliyin əməkdaşları heç bir sənəd təqdim etmədən ofisdə qanunsuz araşdırma aparıblar.

- Yoxlamanın nə vaxt bitəcəyi haqda sizə məlumat verilibmi?

- Hələ ki, bu barədə bizə hər hansı məlumat verilməyib.

- Ofisdən vəsaitlərin götürülməsi nəşriyyatın işinə təsir edirmi?

- Mühasibatla bağlı olan bütün kompüterlər və sənədlər, həmçinin rəsmi sənədləşmə üçün lazım olan digər sənədlər aparıldığından mühasibat fəaliyyətini dayandırıb. Demək olar ki, hazırda mühasibat işini aparmaq mümkün deyil. Amma digər işlərimiz davam edir. Hazırda nəşriyyatın bütün əməkdaşları iş başındadır. Yoxlama aparılsa da, nəşriyyatın fəaliyyəti dayanmayıb. Yalnız yoxlama aparılan gün iş prosesimiz pozulub. Amma növbəti gün fəaliyyətimizi bərpa etmişik.

- Araşdırma ilə bağlı dindirilənlər olubmu?

- Heç kim dindirilməyib. Nazirliyə dəvət olunacağımız təqdirdə nəşriyyatın müsahibi, vəkili və özüm gedib lazımi sənədlərlə tanış olacam.

- Bəziləri hesab edir ki, bu yoxlamalar siyasi sifarişlə həyata keçirilir və təzyiq xarakteri daşıyır. Bununla razısızmı?

- Biz hüquq çərçivəsində və qanuna uyğun olaraq fəaliyyət göstərmişik və hazırda da bu cür fəaliyyət göstəririk. İşimizdə hər hansı qanundan kənar hal olmayıb. Götürülən bütün sənədlərin arxasında durmağa hazırıq. Amma onların arasına bizə aid olmayan sənədlər qoyula bilər. Belə olduğu halda biz mütəxəssislərin köməyi ilə özümüzü müdafiə edib haqlı olduğumuzu sübuta yetirəcəyik. Mən dövlət orqanının yoxlama aparmasının əleyhinə deyiləm. Amma yoxlama qanunun tələbləri çərçivəsində aparılmalıdır. Qanundan kənar yoxlama cinayətdir, buna yol vermək olmaz. Bizim nəşriyyatda hər il vergi yoxlamaları aparılıb. Daima tələb olunan sənədləri nazirliyə təqdim etmişik. Yoxlamanın uğurlu aparılması üçün hər zaman nazirliyin əməkdaşlarına yardımçı olmuşuq. Bu gün də bunu etməyə hazırıq. Bir şərtlə ki, bu fəaliyyət hüquqa və qanuna əsaslansın.

- Nəyə görə son yoxlama əvvəlkilərdən fərqli olaraq mətbuatda belə ajiotaj yaratdı? Bunun səbəbi nədir?

- İlk baxışda demək olmaz ki, bu, vergi yoxlamasıdır. Bu bizə qarşı bir basqındır. Ona görə də bu cür səs-küy yaratdı. Yoxlamanın konkret əsaslandırması yoxdur. Müxtəlif versiyalar var. Birinci versiya bizim ailə üzvlərimizin siyasi fəaliyyəti ilə, ikinci versiya bizim nəşriyyatda Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənlinin seçki plakatlarının çap olunması ilə əlaqədardır.

Seçki kampaniyası dövründə bütün mətbəələr və nəşriyyatlar kimi bizə də namizədlərdən müraciətlər daxil olub. Biz də müraciət edən namizədlərin plakatlarını nəşr etmişik. Bu plakatlarda televiziya çıxışları belə nəşr olunur. Televiziya çıxışlarında hansısa namizəd xoşa gəlməyən bir fikir səsləndiribsə, mətbəə buna görə məsuliyyət daşıya bilməz. Qanunvericilik var. Bu yolla məsələni həll eləmək olar.

Biz bir çox namizədin seçki plakatlarını nəşr etmişik. Bu prosesi mən özüm aparmıram. Bizdə mətbəə işlərini aparanlar var. Bu proses sifariş əsasında reallaşdırılır, mühasibat lazımi sənədləri tərtib edir. Seçki nəşrlərinin çapı zamanı qanundan kənar heç bir əməliyyat olmayıb. Biz qanundan kənar heç bir seçki kampaniyası aparmamışıq, heç bir namizədə dəstək verməmişik. Digər mətbəələr kimi biz də namizədlərə öz xidmətlərimizi təqdim etmişik. Namizədlər də şərtlərini özlərinə uyğun bildikləri mətbəələri seçiblər.

- Baş verənlərdən sonra kitab sifarişçilərindən nəşriyyatla müqaviləsini pozanlar oldumu?

- Ümumiyyətlə, kitabları biz özümüz nəşr edirik. Əsas işimiz isə dünya ədəbiyyatı kitablarını tərcümə edib nəşr etməkdir. Burda sifariş yoxdur. Belə də ki, bu cür proseslər sifarişçilərin sayını azaltmır.

- Gözləntiniz nədir?

- Biz bu cür yoxlamalardan həmişə üzüağ çıxmışıq. Ümid edirəm ki, bu dəfə də pis bir nəticə olmayacaq. Bizim əsas işimiz maarifçilik, kitab mədəniyyətinə xidmət etməkdir. Kimlərinsə bizim işimizdə siyasi fəaliyyət axtarması yanlışdır. Bizim hər işimizə sırf kommersiya marağından yanaşdığımızı, bu işdən böyük pullar qazandığımızı düşünənlər də yanılırlar. Başqa nəşriyyatlardan fərqli olaraq biz yazıçılarımızın kitablarını öz hesabımıza nəşr edirik. Əcnəbi yazıçıların indiyə kimi Azərbaycan dilinə tərcümə olunmayan kitablarını da nəşr edirik. Biz Azərbaycanın kitab mədəniyyətinə xidmət göstəririk. Burda əyri iş axtarmaq ədalətsizlikdir.

- Bundan sonra hansı addımları atmaq fikriniz var?

- Bu vaxta qədər hansı işləri görmüşüksə, bundan sonra da fəaliyyətimizi o cür davam etdirəcəyik. (mediaforum.az)