Həkimlər üçün etik müraciət forması hansıdır?

8 Noyabr 2013 13:16 (UTC+04:00)
Neçə gündür həkimlərin günahı ucbatından dünya işığına həsrət qalan balaca Sərfinazın müalicəsi üçün yollar axtarırıq.

Dostların, yaxşı insanların köməyi ilə ölkənin ən tanınmış həkimlərinin yanına gedirik, qızcığazın sağalması üçün ümid işığı gəzirik. Bu yollardan biri də Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyasından keçir.

Baxmayaraq ki, bu komissiya çoxunun ümidini gözündə, arzusunu ürəyində qoyub...

Hələ Sərfinaza nə cavab veriləcəyini bilmirəm, heç önyarğılıq etmək də istəmirəm. Ancaq komissiya sədrinin rəftarı, sənədləri qəbul edən xanımın məsləhəti, eləcə də qapı ağzında gözləyən vətəndaşların gileyi müəyyən fikirlər yarada bilir.

Komissiyanın sədri ölkənin baş pediatrı Nəsib Quliyevdi. İnsafən, həkim kimi tərifləyirlər. Sədr Sərfinazın niyə bu hala düşməsi ilə maraqlandı. Həkim səhvi ucbatından dünya işığına həsrət qaldığını dedim. Qəzəbləndi, məni qeyri-etik ifadə işlətməkdə suçladı. Hətta elə danışdı ki, sanki səhiyyədəki bütün problemlərin səbəbkarı biz jurnalistlərmişik: "Necə jurnalistsən ki, həkimləri təhqir edirsən? Hansı həkim istəyər xəstəsi sağalmasın? Həyatdır, bəzən əksi olur. Siz jurnalistlər ağzınıza gələni yazırsız. Xəstə əməliyyatda dünyasını dəyişir, yazırsız "həkim xəstəni öldürdü". Ayıbdı, bu cür sensasiyalardan uzaq durun. O gün biri gəlmişdi yanıma, deyir, həkim guya ondan pul istəyib. Dedim, sübutun varsa, get ver polisə. Yalandan şərləyirlər. Gündə bir jurnalist gəlir, deyir: "pul ver", ancaq biz susuruq".

Baş pediatr elə coşmuşdu, ağzımı açıb deyə bilmədim kimin pul almasının Sərfinazın gözünün müalicəsinə nə dəxli var? Niyə susursuz, sizdən pul istəyən jurnalisti polisə vermirsiz? Yaxud jurnalistləri aşağılamaq səhiyyənin bərbad durumuna əncam çəkəcəkmi? Deyə bilmədim ki, hər kəs adıyla çağrılmalıdır, xəstə həkimin ucbatından ömürlük şikəst qalıbsa, dünyasını dəyişibsə, bunu necə ifadə edək ki, qeyri-etik səslənməsin?

Açığı heç bilmirəm, məni şikəst edən Şofiq Əhmədova, Sərfinazı gözsüz qoyan Fuad Abbasova, həmkarım Anar Niftəliyevin övladlarını, digər həmkarım Afət Telmanqızının qardaşı qızını anasız qoyan həkimlərə etik müraciət forması hansıdı.

Görünür Nəsib Quliyev komissiya sədri olduğu müddətdə elə problemlərlə rastlaşıb ki, artıq insan taleləri onun üçün adiləşib. Belə olmasaydı, komissiya ona pənah gətirənlərə rahat şəkildə "xaricdə müalicəyə ehtiyac var. Öz hesabına müalicə oluna bilər" tipli mənasız söz yığını ilə vətəndaşların başını aldatmazdı. Heç olmasa məsələyə məntiqlə yanaşardılar, anlayardılar ki, pulu olan daha komissiyadan niyə keçir, elə gedib istədiyi ölkədə əməliyyat olunar də.

Elə qapı ağzında boynunu bükən iki qadın da bu tipli cavaba etiraz etmək üçün gəldiklərini deyirdilər.

Ən maraqlı məsləhəti isə sənədləri qəbul edən xanımlardan biri verdi: "Ən yaxşısı, deputatlara müraciət edin, onların pulu var. Bu yaxınlarda bir nəfər gəlmişdi, bizdən keçmədi, Qənirə Paşayeva onu özhesabına müalicəyə göndərdi".

Deyiləcək söz varmı? Özünü regionun lideri sayan bir ölkənin vətəndaşları dövlətin dəstəyindən məhrum edilir, zorla yazığa, dilənçiyə çevrilir. Axı, deputatın, məmurun o qədər qazancı hardandır ki, kiməsə yardım da etsin? Yox, əgər bu cür imkan sahibidilərsə, o zaman niyə ilin 12 ayı ağlaşıb məvaciblərinin artırılmasını istəyirlər? Ümumiyyətlə, niyə bizim vətəndaşlar nicat yolunu başqa ölkələrdə axtarmalıdırlar?

Yəqin ki, hələ çox illər bu sualların cavabını tapmayacağıq. Ən azı səhiyyənin inkişafının modern binalarda yox, yeni üsulların tətbiqində olduğunu dərk edənə kimi...

qafqazinfo.az