“Şuşa Qrantı” müsabiqəsinin nəticələri açıqlandı

8 Noyabr 2013 16:14 (UTC+04:00)
Prezident yanında Elmin İnkişafı Fondu "Şuşa Qrantı" müsabiqəsinin nəticələrini açıqlayıb.

Fondun icraçı direksiyasından AzNews.az-a verilən məlumata görə, Fond 1-ci "Şuşa Qrantı"nı 2012-ci il 8 may tarixində Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə elan edib. 1-ci müsabiqәnin nәticәlәri üzrә yerinә yetirilәn 4 layihәdәn 2-si beynәlxalq xarakterli olmaqla Almaniya vә Ukraynalı alimlәrlә birlikdә uğurla yerinә yetirilir.

Elmin İnkişafı Fondu 2-ci "Şuşa Qrantı" müsabiqəsini YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə birlikdə 2013-cü il 10 may tarixində elan edərək keçirib. Müsabiqənin məqsədi bütövlükdə Qarabağın tarixinin, bu diyarın qədim və rəngarəng qeyri-maddi və maddi-mədəni irsinin, memarlığının, arxeologiyasının, iqtisadiyyatının, fauna və florasının, təbii sərvətlərinin, mədəniyyət tarixinin, etnoqrafiyasının, ədəbiyyatşünaslıq, dilçilik, sənətşünaslıq, incəsənət sahələrinin, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının tədqiqi və bu barədə həqiqətlərin dünya elmi ictimaiyyətinə
çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasının dəstəklənməsidir. Müsabiqə çərçivəsində təbiət, dəqiq, texniki, humanitar və ictimai elm sahələrində fundamental-tətbiqi xarakterli elmi-tədqiqat proqram və layihələrinin dəstəklənməsi nəzərdə tutulub.

Müsabiqə müddətində Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirib. Müsabiqənin keçirilməsi qaydalarına uyğun olaraq daxil olmuş layihələrin ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və layihələrin əqli nəticələrinin müəlliflik hüququ qorunmaq məqsədilə Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Bu layihələrin texniki və elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər, həmçinin xarici ekspertlər də cəlb olunublar.

Təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilib, layihələrin elmi səviyyəsi, onların yerinə yetirilməsi imkanları və potensialı, gözlənilən elmi nəticələri, mümkün tətbiq ehtimalı üzrə qiymətləndirilib. Layihələr Fondun Himayədarlar Şurasında da müzakirə olunub.

2013-cü ildə elan olunaraq keçirilmiş 2-ci "Şuşa Qrantı" birgə müsabiqəsi çərçivəsində 10 qalib layihə müəyyənləşdirilib. Qalib layihələrin maliyyələşdirilməsi məqsədilə Elmin İnkişafı Fondu tərəfindən 300 000 manat həcmində qrant ayrılıb. Fondun icraçı direksiyasında bu məqsədlə keçirilən tədbirdə ABŞ-da yerləşən "Qarabağ Fondu"nun icraçı direktoru Diana Kohen Altman (Diana Cohen Altman) da iştirak edib. Qeyd etmək lazımdır ki, Elmin İnkişafı Fondu növbəti "Şuşa Qrantı" müsabiqələrindən birinin "Qarabağ Fondu" ilə keçirilməsi barədə də razılığa gəlib. Əvvəlki iki müsabiqə üzrə yerinə yetirilən layihələr üzrə maraqlı nəticələrin
ABŞ-da "Qarabağ Fondu"nun dəstəyi ilə təqdim və təbliğ olunması ilə məsələsi də razılaşdırılıb.

2-ci "Şuşa Qrantı" müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Folklor, Memarlıq və İncəsənət, Əlyazmalar, Arxeologiya və Etnoqrafiya, Geologiya İnstitutlarında, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda , Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində yerinə yetiriləcək. İcraçılar sırasında Bakı Avrasiya Universitetinin, "Sağlam nəsil" İctimai Birliyinin, "Stimul Azərbaycan" MMC-nin, "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun alim və mütəxəssisləri də var.

Qalib layihələr aşağıdakı istiqamətlər üzrə yerinə yetiriləcəkdir:

• "Qarabağda xalq oyunları və meydan tamaşaları: genezisi, tipologiyası və poetikası"

• "Sovet dövründə Azərbaycanın ərazi problemləri və erməni iddiaları"

• "Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi"

• "Qarabağ memarlığı X-XIX əsrlərdə"

• "Şuşa Azərbaycan mətbuatında (1875-1920-ci illər)"

• "Qarabağın geoloji-coğrafi atlası"

• "Dağlıq Qarabağ məcburi köçkünlərinin reproduktiv sağlamlıq vəziyyətinin öyrənilməsi"

• "Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddiaları"

• "Ermənistanın Azərbaycana təcavüzünün nəticələri: təhlili xronika (I kitab); Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar (II kitab); Ermənistanın Azərbaycana təcavüzü: sənədlər və materiallar (III kitab)"

• "Qarabağın maddi-mədəniyyət abidələrinin tədqiqi, virtual bərpası və rekonstruksiyası"

Bütün layihələr yerinə yetirildikdən sonra hər bir fundamental-tətbiqi xarakterli layihə üzrə alınmış nəticələri əks etdirən kitab, monoqrafiya və ya atlasın nəşr olunması nəzərdə tutulub. Bu nəşrlərdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində də istifadə olunacaq.

AzNews.az