Ordu həyatı risklərlə doludur

10 Noyabr 2013 17:28 (UTC+04:00)
Yeni müdafiə naziri Zakir Həsənovun iş planında ilk bəndin döyüş bölgəsinə səfərə getmək olması müsbət haldır.

Burada ilk növbədə əsgərlərin gigiyena, geyim və ərzaq təminatı məsələlərinə diqqət yetirmək vacibdir. Əsgərin həftədə ən azı iki dəfə çimməsi qayda olaraq müəyyənləşməlidir. Bunun üçün də döyüş bölgəsində hər bir tabor üçün əgər yoxdursa, mütləq səyyar hamamlar quraşdırılmalıdır.

Zabit və gizirlərin kirayəçi olaraq yaşadıqları mənzillərin şəraiti və övladlarının təhsili ilə daha ciddi maraqlanmaq lazımdır. Azərbaycan Ordusu az sayda ordulardan biridir ki, rotasiya prinsipinə ardıcıl əməl olunmur. Zabit və gizirlərin eyni hərbi hissədə dəyişilmədən xidmət etməsi ənənəsinə son qoyulmalıdır. Kiminsə həmişəlik Bakıda, kiminsə döyüş bölgəsində hərbi xidmət keçməsi alın yazısı kimi qəbul olunmamalıdır. Bu, orduda ədalətə inamın gücləndirilməsi üçün zəruridir.

Əsgər ölümlərinin qarşısının alınması, zabit, gizir və əsgərlərin bir sıra hallarda qanunsuz olaraq məsuliyyətə cəlb olunması hallarının araşdırılması üçün yeni müdafiə naziri Hərbi Ombudsman institutunun yaradılması təşəbbüsü ilə çıxış etsə, yaxşı olardı. Hərbi qanunvericiliyə uyğun olaraq bir çox hallarda şikayətin əsasən komanda tabeçiliyi qaydasında edilməsinin mümkünlüyü, alt səviyyədə olan hərbi qulluqçuların daha çox əsassız olaraq cəzalandırılması praktikasını yayğınlaşdırıb.

Orduda baş verən hadisələrə cəmiyyətin dərhal şübhəli və neqativ reaksiya verməsinin günahı bilavasitə nazirliyin iş metodunda axtarılmalıdır. Ordu qapalı müəssisədir və buradan cəmiyyətin mütləq şəffaflıq deyə bir umacağı da yoxdur. Ordu çətinlik yeridir, hərbi xidmət fiziki və həyati risklərlə doludur - bunu da vətəndaşlar gözəl anlayırlar. Əsas problem insanların nəzərində ordunun hüquqsuzluq və ədalətsizlik yerinə çevrilməsidir və bu təsəvvürləri mütləq dəyişmək lazımdır. Bunun üçün də nazirliyin müvafiq səlahiyyətli şəxslərinin hərbi xidmət və ordu quruculuğu sahəsində ixtisaslaşmış, eləcə də insan hüquqları sahəsində təcrübəsi olan qeyri-hökumət təşkilatları ilə ayda ən azı bir dəfə problemlərin öyrənilməsi və aradan qaldırılması üçün müzakirələr aparması faydalı olardı.

Ən ciddi məsələlərdən biri də indiyədək Müdafiə Nazirliyi ilə qanunverici orqan arasında hasar qonşuluğundan başqa sağlam bir münasibətin yaradılmamasıdır. Ayrı-ayrı deputatların ildə bir neçə dəfə cəbhə xəttində əsgərlərə baş çəkməsi mənəvi cəhətdən müsbət addım sayılsa da, burada ən vacib məsələ qanunvericilik sahəsində, hüquqi məsələlərdə fikir mübadiləsi imkanlarının yaranmasıdır. Orduda olan neqativ hallar tez-tez parlament tribunasından tənqid olunur, bir çox hallarda işin gerçək mahiyyəti barədə dəqiq məlumat əldə edə bilməyən deputatlar öncədən hansısa fikir mübadiləsi prosesində özləri üçün müsbət mənada bəlkə daha fərqli təsəvvürlər əldə edə bilərlər. Bu səbəbdən, fikrimizcə, parlamentin sahəvilik baxımından əlaqəli sayıla bilən üç komitəsinin - Təhlükəsizlik və müdafiə, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin üzvləri ilə vaxtaşırı ordu rəhbərliyinin görüş-müzakirələr keçirməsi olduqca faydalı bir yenilik olardı. Bu, həm də qanunvericilikdə praktik problemlərin çevik tənzimlənməsinə yararlı olardı.

Burada, əlbəttə, bütün problemləri sadalamaq, təklifləri yazmaq imkansızdır, ancaq hər bir səlahiyyəti çatan və ya ürəyi yanan Azərbaycan vətəndaşının sabah müharibədə güvənə biləcəyi ordunun yaradılmasına öz töhfəsini verməsinin yollarını düşünmək, bu sahədə islahatlara başlamaq üçün bəlkə də ən əsas şərtdir...

AzNews.az