Elçin Behbudov: “Ofisdə oğurluq olmayıb”- Yenilənib

11 Noyabr 2013 14:14 (UTC+04:00)
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ofisində oğurluq hadisəsi baş verməyib. Fəhlələr söküntü işləri zamanı əşyaları başqa otağa aparıblar".

Bunu APA-ya açıqlamasında komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

E. Behbudov bütün əşyaların ona təhvil verildiyini bildirib: "Biz səhər ofisə gələndə divarın söküldüyünü, bəzi əşyaların isə ofisdə olmadığını gördük. Dərhal polis əməkdaşlarına müraciət etdik. Araşdırmalar zamanı məlum oldu ki, binada təmir işləri aparan fəhlələr bizim oradan köçdüyümüzü, otağın boş olduğunu zənn edib divarı uçurublar. Ondan sonra da əşyaların ortalıqda qalmaması üçün digər otağa yığıblar. Artıq bütün əşyalar mənə təhvil verilib".

***
12:00
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ofisi qarət edilib.

Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, hadisə ötən axşam baş verib. Hüquq müdafiəçisi qarət zamanı ofisdən qiymətli əşyalar oğurlandığını deyib:

"Bizim İdman Sarayının arxasında yardımçı tikilidə yerləşən ofisimizdə qarət hadisəsi baş verib. Otaqdan DVD, kompüter, qiymətli əşyalar oğurlanıb. Otağın divarını sökərək içəriyə daxil olublar. Dəhlizdə televizor var. Onu da aparmaq istəyiblər, lakin apara bilməyiblər. Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun yağlı boya ilə çəkdiyi rəsmləri isə aparmayıblar. Bilsəydilər o çəkib, yəqin aparardılar".

E. Behbudov hadisə barədə Səbail Rayon Polis İdarəsinə məlumat verdiyini bildirib: "Əməliyyat qrupu hadisə yerinə gəlir. Araşdırmalardan sonra ofisdən daha nələrin aparıldığı aydın olacaq".

AzNews.az