Ermənistan və Azərbaycan UNESCO-da üz-üzə gəldi

12 Noyabr 2013 10:14 (UTC+04:00)
UNESCO Baş Konfransının 37-ci sessiyası çərçivəsində noyabrın 11-də keçirilən ümumi siyasi debatlarda çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandanyan ölkəsində mədəni irsə münasibətdən danışarkən yenə Azərbaycana qarşı qara yaxmaq vərdişinə sadiq qalıb.


AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Ermənistanlı nazir çıxışını heç bir fakta əsaslanmayan, böhtan və açıq-aşkar yalanlar üzərində qurub, nüfuzlu tribunadan istifadə edərək beynəlxalq ictimaiyyəti növbəti dəfə aldatmağa cəhd göstərib. O, Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərə məxsus xaçkarların guya azərbaycanlılar tərəfindən dağıdılması və bu ərazilərə beynəlxalq müşahidəçilərin buraxılmaması kimi cəfəng fikirlər səsləndirib, beynəlxalq təşkilatlardan Azərbaycana təzyiqlərin artırılmasını tələb edib. Köhnə bayatıları səsləndirməkdə mahir olan E.Nalbandanyan Azərbaycanı qonşu ölkələrin min illik tarixini, mədəniyyətini və ənənələrini mənimsəməkdə günahlandırıb.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov cavab hüququndan istifadə edərək, Ermənistan nazirinin qaldırdığı əsassız ittihamlara layiqli cavab verib. O, 300 minə yaxın azərbaycanlının öz tarixi ata-baba yurdu olan Qərbi Azərbaycandan (indi isə Ermənistan adlandırılan ərazilərdən) zorla çıxarıldığını, Ermənistanın nadir monoetnik bir ölkəyə çevrildiyini diqqətə çatdırmış, sabiq prezident R.Koçaryanın azərbaycanlılar və ermənilər arasında etnik uyğunsuzluğun olması kimi irqçi çıxışlarını xatırlatdıb, Ermənistanın bu mötəbər təşkilatın tribunasından mədəni müxtəliflik, tolerantlıq və dialoq haqqında danışmağa mənəvi hüququ olmadığını bildirib.

A.Kərimov Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirdiyini, işğal olunmuş ərazilərdə xalqımızın əsrlər boyu yaratdığı tarixi, mədəni və dini abidələri tamamilə dağıdaraq yerlə-yeksan etdiyini, bu ərazilərdə tarix boyu yaşayan azərbaycanlıların izini və mədəni irsini tam silməyə çalışdığını iştirakçıların diqqətinə çatdırıb.

UNESCO-nun sülh, tolerantlıq, dialoq və qarşılıqlı anlaşma dəyərləri əsasında təsis edildiyini vurğulayan A.Kərimov erməni nazirin bu yüksək beynəlxalq tribunadan istifadə edərək Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsindən, millətlərarası ədavətə və düşmənçiliyə sövq edən çıxışından təəssüf hissi keçirdiyini bildirib.

AzNews.az