Parlamentdə hökumətə bir sıra təkliflər irəli sürülüb

12 Noyabr 2013 16:29 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri hökumət qarşısında bir sıra təkiflərlə çıxış ediblər.

Deputat Rafiq Məmmədhəsənov hökumətə bölgələrdə dağ kəndlərinin qazlaşdırılmasına daha diqqətlə yanaşılması təklifi ilə çıxış edib.

Millət vəkili Əli Məsimli isə bildirib ki, regionların büdcədə gəlir payı cəmi 800 milyon manat təşkil edir ki, bu da çox azdır: "Hökumət son zamanlar azərbaycanlılara qarşı Rusiyada başlayan xoşagəlməz hərəkətləri nəzərə alaraq, regionlara diqqəti daha da artırmalı və yeni iş yerlərinin yaradılmasına daha çox diqqət yetirməlidir". Ə. Məsimli Maliyyə Nazirliyinin əsasnaməsinin yenidən işlənməsini və bu qurumun səlahiyyətlərinin artırılmasını istəyib.

Deputat Fazil Mustafa təhsil xərclərinin 122 milyon manat artırılmasını müsbət hal kimi dəyərləndirsə də, bunun cəmi 53 milyon manatının orta təhsil pilləsinə ayrılmasının yetərli olmadığını deyib. Onun sözlərinə görə, bu cüzi rəqəmdir və müəllimlərin, o cümlədən həkimlərin əməkhaqqılarının artırılması istiqamətində işlər görülməlidir. Millət vəkili deputatların seçicilərlə görüşlərinin keçirilməsi üçün yerlərin kirayə tutulması və ya bu məqsədlə yeni binaların tikilməsi təklifi ilə çıxış edib.

Deputat Jalə Əliyeva da aztəminatlı ailələrin evlə təmin edilməsi məqsədilə sosial mənzillərin tikilməsi təklifi ilə çıxış edib.

Millət vəkili Mübariz Qurbanlı isə bildirib ki, ölkədə istehsalın həcmi, istehsal müəssisələrinin gücü artırılmalıdır: "Bu sahədə xaricə ixrac və idxal olunan məhsulların nomenklaturası arasında müqayisə aparılmalıdır. Təəssüf ki, idxalda adi məmulatları da görürük. Texnoparkların salınması ilə yanaşı, mütləq yüngül sənaye sahələri inkişaf etdirilməlidir. Xüsusilə də emal sahələrinə diqqət yetirilməlidir. Sənaye müəssisələrinin sayı artsa da, hələ də ÜDM-in sahə strukturunda kənd təsərrüfatının payı cəmi 42 faizdir. Deməli, bu sahəyə diqqəti artırmaq lazımdır".

O, həmçinin kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbarların sayının çoxaldılmasını və xüsusi emal müəssisələrinin yaradılmasını təklif edib.

AzNews.az