Magistraturaların boş qalan yerlərinə qəbul aparılır

7 Avqust 2012 08:48 (UTC+04:00)

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul 2012-ci il martın 4-də və iyunun 24-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata bildirilir ki, Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2012-ci il 7 avqust saat 9.00-dan 13 avqust saat 9.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Bahadur Qobustan
Aznews.az