İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi

14 Noyabr 2013 16:24 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul edib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu deyib.

Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmini vurğulayıb.

Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu deyib.

Prezident İlham Əliyev Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səfir Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarını dövlət başçısına çatdırıb.

Küveytli diplomat yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib.

O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə əlaqələrin genişləndirilməsi işinə böyük önəm verdiyini deyib.

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt Dövlətinin başçısına və Küveyt şahzadəsinə çatdırmağı xahiş edib.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genci Muçayın etimadnaməsini qəbul edib.

Səfir Genci Muçay fəxri qarovul dəstəsinin qarşısından keçib.

Genci Muçay etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Genci Muçay Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını dövlət başçısına çatdırıb.

O, əməkdaşlığımızın genişləndirilməsində xalqlarımız arasında mövcud olan yaxın əlaqələrin əhəmiyyətini qeyd edib.

Albaniyalı diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsini məmnunluqla vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Ölkəmizin Albaniya ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyən Prezident İlham Əliyev regional əhəmiyyətli birgə enerji layihəsinin önəmini qeyd edib.

Dövlət başçısı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

AzNews.az