“Azərbaycan həsrəti“ kitabının təqdimat mərasimi keçirilib

15 Noyabr 2013 18:57 (UTC+04:00)
Noyabrın 15-də Bakı Kitab Klubunda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunan "Azərbaycan həsrəti" kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, jurnalist Nəcibə Bağırzadənin müəllifi olduğu kitab Azər Rəsulzadənin vəfatının 20-ci ildönümünə ithaf edilib.

Təqdimatda çıxış edən Fazil Kərimli kitabın nəşr olunmasını Azərbaycanın ictimai və mədəni həyatında hadisə kimi dəyərləndirib: "Azər Rəsulzadənin sürgün həyatı, başına gələn bəlalar bir neçə cild kitaba sığmaz. Nəcibə xanım bu kitabla böyük işə imza atdı. Arzu edirəm ki, gələcəkdə də gənclər bu mövzuya müraciət etsinlər, daha böyük, həcmli kitablar çap olunsun".

"Azərbaycan həsrəti" kitabının redaktoru Teyyub Qurban kitabı son illərdə Azərbaycan ədəbiyyatı və jurnalistikasında yazılan ən cəsarətli kitab kimi dəyərləndirib: "Bu kitabda Azərin həqiqi obrazı yaradılıb. O, hərtərəfli incəsənət adamı idi. İnanıram ki, kitabın əsasında gələcəkdə sənədli film çəkiləcək".

Təqdimatda T. Qurban Rəsulzadə Fondunun yaradılması təşəbbüsü ilə də çıxış edib.

Nəşrin müəllifi Nəcibə Bağırzadə qeyd edib ki, kitabı Azər Rəsulzadənin vəfatının 20-ci il dönümü münasibətilə qələmə alıb: "Bu kitabı yazmağı özümə borc bildim. Azər bəy 20 ildir aramızda yoxdur, amma onun şəxsiyyətinin böyüklüyü, əqidəsi bizim qəlbimizdə həmişə yaşayacaq. Əslində kitabı çox dar bir macalda yazıb başa çatdırdım, istədim qəhrəmanımın vəfat gününə çatdırım. İnşallah, gələcəkdə bu mövzunu davam etdirəcəyəm. Çünki Rəsulzadələr haqqında nə qədər kitablar, araşdırmalar yazılsa, azdır".

Mərasimdə Yadigar Türkel, Cavanşir Dadaşov və başqaları kitab haqqında fikirlərini bölüşüblər. Tədbirin sonunda Azər Rəsulzadənin oğlu, əməkdar rəssam, Azərbaycan Pedaqoji Universitetinin dosenti Rəis Rəsulzadə müəllifə, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

AzNews.az