700 hərbi qulluqçuya ev verildi

15 Noyabr 2013 20:11 (UTC+04:00)
Bu gün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanının icrası məqsədilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirib, zabitlərə və onların ailə üzvlərinə müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb.

Qeyd edək ki, ötən müddət ərzində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən, 300-ə yaxın hərbi qulluqçu daimi, 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub.

AzNews.az