Evləri yanan qaçqınların acınacaqlı vəziyyəti AzNews.az-da

7 Avqust 2012 15:41 (UTC+04:00)

Məlum olduğu kimi, avqustun 1-də köçkünlərin yaşadığı Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, bina 31 ünvanında dəhşətli yanğın baş vermişdi. Məlumata görə, yanğına səbəb binanın yaxınlığındakı mağazaların birindən başlayan yanğının yataqxanaya bitişik, içində yas çadırları üçün kirayəyə verilən taxta döşəmələrin saxlandığı qaraja keçməsi olub. Nəticədə beşmərtəbəli yataqxananın bir hissəsi I mərtəbədən V mərtəbəyədək yanıb. Qeyd edək ki, əraziyə polis və FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb olunub. Yanğın nəticəsində yataqxana sakinləri maddi cəhətdən xeyli ziyan görüblər.
Redaksiyamıza bununla bağlı daxil olan iki ayrı məlumata görə, yanğın yataqxana sakinlərinin özləri tərəfindən törədilib. Məlumat sahiblərinin sözlərinə əsasən, buna səbəb yataqxananın yanması nəticəsində onların yaşayış yerinin olmaması və bunu da əsas gətirərək, dövlət tərəfindən yeni mənzillərlə təmin olunma ümididir. Biz bu məlumatın nə dərəcədə doğru olduğunu söyləyə bilmərik, ancaq söylənilənlərin hansı əsasdan qaynaqlandığını və eyni zamanda, köçkünlərin yanğından sonrakı yaşayış tərzi və şəraitləri ilə tanış olmaq üçün onların yerləşdirildiyi əraziyə üz tutduq. Xatırladaq ki, yanğın baş verən gün mənzillərini itirən məcburi köçkünlər köhnə trolleybus parkında qurulan çadırlara köçürülüblər.

"Özümüzünkülərdən bizə xeyir yoxdur"

Əraziylə tanışlıqdan sonra gördük ki, trolleybus parkında məcburi köçkünlərin müvəqqəti yaşaması üçün 33-dək çadır qurulub.
Sakinlər ilk baxışdan bizim əcnəbi vətəndaş olduğumuzu düşündülər və üstümüzə gələrək onların dərdlərinə əlac etməyimizi xahiş etdilər. Ancaq biləndə ki, biz də onların həmyerlisiyik: "Biz də elə bildik ki, xaricisiz. Sizə nə deyək ki?...Özümüzünkülərdən bizə xeyir yoxdur".
Hava çox isti olduğundan sakinlərin çadırlarda yaşayışı həqiqətən də çətindir. Bir ağızdan elədikləri şikayətlər də bunu deməyə əsas verir: "Vallah iti də bağlasan gəlib bu çadırlarda yaşaya bilməz. Asfaltın üstündə çadırları qurublar, ordan da od qalxır. Heç cür içəri girib nə otura bilirik, nə də yata. Səhərə kimi bayırda qalmışıq".
Daha sonra zərərçəkmişlər bildirdilər ki, onları problemi ilə heç kim- nə dövlət, nə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi maraqlanmır: "Bu yaşayış yerini də bizə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradıb, sağolsunlar. Hər şəraiti də onlar qurub. Həkimə qədər gətiriblər bizimçün. Onlar əlindən gələni edib, amma nə olsun. Qalan şeylərə görə o qədər korluğumuz var ki, həll etmirlər. Nə hökumət, nə Qaçqınkom bizi veclərinə almırlar".

50 qəpiklik paltar

Yataxanadakı yanğına gəlincə, sakinlər deyir ki, dəfələrlə yanğın təhlükəsi olacağına görə Qaçqımlar Komitəsinə müraciət ediblər. Ancaq onların müraciətlərinə məhəl qoyan olmayıb: "Elə ona görə də, neçə dəfə yanğın olub, bu dəfə də hər şeyimiz belə yandı, getdi...Bizim binamızda 3-4 dəfə qaz partlayıb. Ac camaatıydıq, gətirib bizi bir tikə pulla aldatdılar. Bu nə deməkdir? Bizim nəyimiz var, nəyimiz yoxdusa, hər şeyimiz orda yanıb külə döndü. Əsas ləvazimatlarımız hamısı mətbəxdə idi. Yalandan gəlib orda otaqlara pəncərə qoymaqla deyil ki... Bizdə əsas binanın eyvanı lazım olur, mətbəx kimi ordan istifadə edirdik. Dərdimizi kimə deyək? Baxan, eşidən yoxdur bizi. Qaçqınkom yalandan gəlib şumotkada kilosu 50 qəpiyə olan paltarları gətirib verib bizə, heç əynimizə sala da bilmirik onları". Sakinlərdən biri isə ovucla qızılının, pulunun yandığını dedi. Bundan başqa sakinlərinin hamısı bildirdi ki, yanğın zamanı hamısı ancaq əyinlərindəki paltarla çıxıblar: "Yayın günündə çimib əynimizi dəyişməyə bir dəyişək paltarımız belə yoxdur".
Şikayətçi qadınlardan biri isə deyir ki, tək yaşayır və ona da 1000 manat yardım ediblər: "Bu 1000 manata mən əşyalarımın, ehtiyacımın hansı birisini alım? 20 ildə qaçqınların zorla yığıb düzəltdikləri bir gündə məhv oldu. Di gəl təzədən özünə yaşayış qur..."
Ağayeva Gülam adlı yaşlı qaçqının dərdi isə ailə üzvlərindən birinə maddi yardımın çatmamasıdır: "Nəvəmin birini hesaba almlar. Oğlum Mehdiyev Vaqifin uşağıdı. Qaçqınkoma da neçə dəfə demişik, deyirlər bizlik deyil".
Qaçqınlar yaşadığı binaları özləri tərəfindən yandırılması məsəsləsinə çox hay-küylə cavab verdilər: "Adam bu qədər Allahsız olar ki, belə bir yalanı deyə. Biz dəli zadıq? Orda nə qədər əşyamız, pulumuz, varımız-yoxumuz yandı. Biz öz evimizi niyə yandıraq axı? Lazımdı ki, bizə, gəlib istinin günündə qalaq çöllərdə? Allah onu deyəni elə bizim günümüzə salsın..."

QMKİDK qaçqınlar üçün narahat deyil

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə sakinlərin şikayətlərinin əsassız olduğunu deyir: "Nazirlər kabinetinin göstərişi ilə QMKİDK yataqxana sakinlərinə hər cür yardım göstərilib: "Azərbaycan Nazirlər Kabineti Bakı şəhəri Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yataqxananın yanması nəticəsində zərər çəkmiş məcburi köçkün ailələrinə maddi yardım göstərilməsi barədə qərar qəbul edib.Qərara əsasən də, tərkibi 1 nəfərdən ibarət olan ailəyə 1000 manat, tərkibi 2 nəfər olan ailəyə 1800 manat, tərkibi 3 və daha çox nəfərdən ibarət olan ailənin hər bir üzvünə isə 800 manat olmaqla birdəfəlik maddi yardım göstərilib. Hazırda yanğın baş verən binada təmir işləri aparılır. Təmir işlər başa çatan kimi sakinlər binalarına geri dönəcəklər. Onlarçün çadırlarda hər cür şərait yaradılıb. qida ilə təmin atlarında heç bir problem yoxdur. Orda hamam yaradılıb onlarçün, su problemi də yoxdur. Başqa məsələlər də hamısı gündəlik nəzarətdədir". Qaçqınların su ilə bağlı şikayətinə gəlincə, qrum nümayəndəsi bunları söylədi: "Orda sakinlərin yuyunması su kranları quraşdırılıb. Ola bilsin hamamda su ilə bağlı belə bir problem ola ki, dünəndən həmin ərazinin su sistemində dəyişikliklər olduğuna görə və daimi su siteminə keçidlə bağlı su verilişində fasilələr olub. Yəqin buna görə şikayətləniblər. Yoxsa orda hər gün su olur. Olmasa belə, su maşınları gətirilərək su ilə təmin olunurlar". Mətbuat xidmətinin rəhbəri Elçin Qədimov həmçinin yanğının köçkünlər tərəfindən törədilməsi məlumatı ilə bağlı heç bir açıqlama verə bilməyəcəyini dedi.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, zənglərimizə cavab verilmədi.

Mövzunu diqqətdə saxlayacağıq.

Sevinc Fədai
AzNews.az