Qədərimizi yazmayınca, kədərimiz yazılacaq

17 Noyabr 2013 13:09 (UTC+04:00)
Qafqaz Orta Doğunun Fələstinidir.

Rusiyanın məhvi Qafqazlarla başlayacaq deyir Navalnı.

Ramazan Abulatibov Qafqazların yeni canışini, yeni Sisyanov. General Zubovun dərin düşüncəsini yazan Platon Zubov idi. Onun yazdıqlarını general tətbiq etmək məcburiyyətində idi.

200 ildir ki, Qafqazlar Rusiyanın müstəmləkəsidir. Qafqaza və Xəzərə hökmranlıqla imperiya olan Rusiya bu ərazilərə Mərkəz olaraq Tiflisi seçmişdi.

Bu 200 ildə dəyişən nədir?

Tiflis artıq imperiyanın Mərkəzi statusundan çıxıb.Yeni mərkəz Dərbənd olur.

Dərbəndin 2000 illiyi birbaşa Rusiya prezidentinin sərəncamı ilə qeyd olunur. Dərbəndilər -orta çağların böyük mütəfəkkirləri Rus elmin parçası sayılacaqlar.

Avar və ləzgi xalqlarının qarşıdurmasından yeni sərhədlər yaradılacaq Qafqazda. Azərbaycanın baş şəhəri Dərbənd ləzgilərin, Dağıstanın mərkəzi Mahaçqala avarların atlarına oylaq olacaq.

Və beləcə...Yeni bir Qarabağ problemi yaşamaq məcburiyyətində olacağıq.

Ermənilər Qafqazlardan aldıqları payla bu ərazilərin əsas oyunçusu statusundan çıxmaq arzusundadırlar. Onlar artıq İran və Rusiyanın geopolitikasında söz sahibləridirlər. Dünyanın güc balansında İsrail və Ermənistan faktoru hələ də rəqabət mövzusudur. Kimə sahib çıxmaq istəyindən asılı olaraq ya İsrail, ya da Ermənistan qazanmalıdır.

Qaynar qazanda soyuq yer yoxdur.

Abbas Mirzə Paskeviçə məktublarında "xristianların hamisi olaraq görünmək istəyirsiniz, amma xristianlar Sizlərdən çəkdiklərini min illərdir ki, bərabər yaşadıqları müsəlmanlardan görməyiblər",- deyirdi.

Qafqaz yenə qazan da.

Nə bişirilir?

Qafqazlarda oyunçuların sayı artıb, zaman isə 200 il öncəsi kimidir.

Gülüstan kəndində yaşayanların o gün heç nədən xəbərləri yox idi. Olmadı da.

Bir zaman birləşdirildi yazdılar, bir zaman xilas oldular yazdılar, indi nə yazacaqlar...

Qədərimizi özümüz yazmayınca, Kədərimiz yazılacaq.