Əli Həsənov həyəcan təbili çaldı

7 Avqust 2012 17:02 (UTC+04:00)
Bu gün Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayanazərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda Forum yekunlaşıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, komitə sədri Nazim İbrahimov keçirilən tədbirdə çıxışında bildirib ki, Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətinin prioritet istiqamətlərindən biri də onların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Bu sahədə ötən müddət ərzində müəyyən işlər görüldünü qeyd edən N.İbrahimov dünyanın bir sıra ölkələrində azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan hüquq-müdafiə mərkəzləri fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bir çox ölkələrdə soydaşlarımızın hüquqlarının pozulması hallarının olduğunu qeyd edən Dövlət Komitəsinin sədri azərbaycanlıların hüquqi maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, xüsusilə Gürcüstanda son illərdə azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib. Ümumrusiya Azərbaycan Konqresinin Moskva Regional Təşkilatının rəhbəri İlqar Hacıyev çıxışında soydaşlarımızın bir çox hallarda öz hüqquqlarını bilmədikərinə görə problemlərlə qarşılaşdıqlarını vurğulayıb. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov soydaşlarımızın Avropa ölkələrində hüquqlarının qorunması sahəsində görülmüş işlərdən danışıb. S.Qasımov hər bir ölkədə azərbaycanlı icmasının etnik qrup statusu əldə etməsinin həm azərbaycanlılarının hüquqlarının müdafiəsi, həm də onların cəmiyyətə inteqrasiyas baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, eyni zamanda xaricdə təhsil alan azərbaycanlı tələbələrin diaspor quruculuğu işində daha fəal şəkildə iştirak etməsinin vacib olduğunu vurğulayıb.
Çukurova Universitetinin professoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən danışıb. O, xüsusilə bəzi təriqətlərin azərbaycanlı tələbələrə öz maraqlarına uyğun şəkildə təsir etməyə çalışdığını və bundan narahatlığını dilə gətirib. C.Novruzov xarici ölkələrdə, xüsusilə də Türkiyədə təhsil alan azərbaycanlı tələbələri neqativ təsirə məruz qalmasının qarşısının alınması üçün Azərbaycan dövlətnin ayırdığı maliyyə vəsaiti hesabına yataqxanaların açılmasını təklif edib. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov C.Novruzovun qaldıdığı narahatlığı bölüşdüyünü, bu sahədə müvafiq tədbirlər görülməsi ilə bağlı təklifləri dəstəklədiyini diqqətə çatdırıb. Mürəkkəb qlobal siyasi və iqtisadi proseslərin cərəyan etdiyi müasir dünyada Azərbaycanın milli maraqlarının qorunmasında diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşdüyünü deyən Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan dövlətinin də xaricdə yaşayan soydaşlarımızın mənafelərini həmişə nəzərə aldığını vurğulayıb. Sonra forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Toplantının sonunda müzakirələrdə irəli sürülmüş təkliflər əsasında hazırlanmış Forumun yekun sənədi – "Azərbaycan diaspor təşkilatları rəhbərlərinin "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda Forum işitrakçılarının Birgə bəyanatının layihəsi səsə qoyularaq qəbul edilib. 25 bənddən ibarət olan sənəddə gənclərin və qadınların diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, lobbi quruculuğu sahəsində fəaliyyətin genişləndirilməsi, Türkiyədə yaşayan azərbaycanlı ziyalıların Forumunun, Orta Asiyada fəaliyyət göstərən Azərbaycan diaspor Təşkilatlarının birgə toplantısının, Ukrayna Azərbaycanlıları Qurultayının və Skandinaviya Ölkələri Azərbaycanlılarının Konqresinin təşkili lə bağlı müddəalar öz əksini tapıb. Bundan başqa, bəyanatda soydaşlarımızın kompakt yaşadığı regionlarda şəbəkələrə malik "Azərbaycan diasporu İnformasiya mərkəzi"nin yaradılması, "Xocalıya ədalət – Qarabağa azadlıq" beynəlxalq kampaniyasına dəstəyin gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün Azərbaycanda yay düşərgələrinin təşkiliilə əlaqədar müvaviq dövlət orqanlarına müraciət edilməsi də nəzərdə tutulmuşdur. ForumDünya azərbaycanlı elm xadimlərinin forumunun təşkil edilməsi, "Virtual həftəsonu" məktəbinin fəaliyyəinin təkmilləşdirilməsi, "Avropa Birliyi ölkələrində azərbaycanlıların cəmiyyətə inteqrasiya prosesləri: mövcud təcrübə, problemlər və onların həlli yolları" mövzusunda forumun keçirilməsi, növbəti Rusiya-Azərbaycan İqtisadi Forumunun Ukyanovsk şəhərində keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflərin verilməsini də qərara alıb. Bununla da forum öz işini başa çatdırıb.

Mirvari Nəcəf
AzNews.az