“Məktub Ermənistandakı vəziyyətin dözülməz olduğunu göstərir”

7 Avqust 2012 17:08 (UTC+04:00)

Dünən Ermənistanda yaşayan bir uşaqdan Azərbaycan hökümətinə məktub göndərilib. Məktub bir ailənin faciəvi həyatından bəhs edir. Davit Davityandan daxil olan məktubda daha çox sosial problemlər qabardılıb və bütün bunların səbəbkarı kimi Ermənistan hakimiyyəti göstərilir. Məktubun müəllifi xarici ölkələrdən, həmçinin Azərbaycandan kömək istəyir.
Məsələyə münasibət bildirən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov AzNews.az-a deyib ki, Ermənistan korrupsiya halları çox olan ölkələ olduğundan burada təəccüblənəcək heç bir şey yoxdur. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət gücünü sadə xalqın üzərində tətbiq edir: "Ona görə də, orada yaşayan sadə vətəndaşlar xarici ölkələrdən dəstək gözləyirlər".
Eldar İbrahimov qeyd edib ki, zaman Azərbaycanın xeyrinə işləyir: "Azərbaycan ordusu getdikcə daha da güclənir. Biz Qarabağı da azad edəcəyik. Məqamında imdad diləyən o şəxslərə də öz köməkliyimizi göstərəcəyik. Amma yaxşı olardı ki, erməni xalqı birləşərək, hakimiyyətə qarşı öz etirazlarını bildirsinlər ".
Konfliktoloq Elxan Mehdiyev isə hesab edir ki, burada ciddi bir şey yoxdur: "O, ailə vəziyyətdən çıxmaq üçün bu addımı atıb. Bu sırf bir ailənin həyatıdır. Bu hal başqa başqa ölkələrdə də var. Onlar da öz hüquqlarının qorunması üçün xarici ölkələrə üz tuturlar. Düşünmürəm ki, bu məsələni Ermənistandakı durum kimi verməliyik. Erməni ailəsi məktubu həm də Azərbaycana göndərməsi onun vəziyyətinin nə qədər çıxılmaz olduğunu göstərir. Ermənistan hakimiyyətinə göstərir ki, yaşadığı ölkədə heç bir qayğı, diqqət görmədiyindən o, hətta düşmən ölkə olan Azərbaycanda məskunlaşmağa razıdır".

İlkin
AzNews.az