Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalandı
18 Noyabr 2013 14:03 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.
APA-nın Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, prezidentlər Viktor Yanukoviç və İlham Əliyev Ukrayna-Azərbaycan Prezident Şurasının IV iclasının Protokoluna imza atıblar.
Protokolda ikitərəfli münasibətlərin gündəmindəki əsas məsələlərin müzakirəsinin yekunları, xüsusən siyasi dialoqun vəziyyəti və perspektiv inkişafı, ticarət-iqtisadi, yanacaq-energetika sahələrində əməkdaşlıq, eləcə də Prezident Şurasının iclasında əldə olunan razılaşmalar əksini tapıb.
Bundan başqa, prezidentlərin iştirakı ilə iki ölkə hökumətləri arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair saziş; 2014-2015-ci illərdə Xarici İşlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri haqda məsləhətləşmələrin keçirilməsi planı; Ukraynanın Rivnensk vilayət dövlət administrasiyası ilə Azərbaycanın Qəbələ rayon İcra Hakimiyyəti arasında iqtisadi, sosial-mədəni əməkdaşlıq barədə Protokol, Ukrayna Milli İncəsənət Akademiyası ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
AzNews.az