Zahid Məmmədov : “Çirkli pullar terrorun inkişafına yönəlir”

8 Avqust 2012 07:22 (UTC+04:00)


AzNews.az iran.ru saytına istinadən verdiyi xəbərdə məlum olur ki, son 10 ildə Britaniya bankı 250 milyard dollar çirkli vəsaiti yuyub. Hansı ki, həmin vəsaitlər İran hökumətinə və ya onun nəzarətində olan biznes strukturlarına məxsus olub. 27 səhifəlik hesabatda bank rəhbərliyinin yazışmalarına qədər əks olunub.
Nyu York Maliyə departamenti hesab edir ki, çirkli pulların yuyulması işinə bankın ABŞ nümayəndəliyi də cəlb olunub. Bəs bu çirkli pullar necə yaranır, necə yuyulur? İqdisad elimləri doktoru, professor Zahid Məmmədov hesab edir ki, çirkli pulların qazanılması və onların silinməsi çox təhlükəli cinayətlərə yol açır: "Çirkli pullar qeyri-qanuni yolla əldə edilən pullardı. Bu pullar əsasən fahişəlikdən, insan alverindən, narkotik maddələrin satışından və qeyri-qanuni fəaliyyət göstərən istehsal müəssələrinin "əmtəə"lərinin satışından əldə olunur. Yəni bu vəsaitlər cinayət yolu ilə əldə edilir və elə ona görə də çirkli vəsait adlanır.
Əgər istehsalçı dövlət qeydiyyatından keçməyib, hər hansı bir gəlir əldə edirsə və bundan dövlət büdcəsinə vergi vermirsə, belə pullar da çirkli pullar sayılır. Eyni zamanda saxta məhsulların istehsalı da buna aiddir. Çirkli pulların yuyulması ilə bağlı Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Bu cür əməlin cinayət sayılmasında çirkli vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulların qazanılması cinayyət olduğu kimi onların yuyulması da cinayyətdir. Haram yolla qazanılmış vəsaitin qanuniləşdirilməsi yol verilməzdir".
Onun sözlərinə görə, çirkli pullar əsasən terrorun inkişafına yönəlir: "80-cı illərdən bu yana dünya ölkələri terrordan əziyyət çəkir. Bu ölkələrdən biri də bizik. Qarabağda fəaliyyət göstərən terrorçular da məhz çirkli pullar vastəsilə maliyələşir. Çirkli pulların yuyulması ilk növbədə terrorun kökünü kəsməyə köməklik edən mühüm amillərdəndir".

Bahadur Qobustan
AzNews.az