Mədət Quliyev məhkumların yaxınları ilə görüşdü

19 Noyabr 2013 15:08 (UTC+04:00)
Penitensiar xidmətin rəisi Mədət Quliyev azadlıqdan məhrum edilən şəxslərin valideynləri, ailə üzvləri və yaxın qohumları ilə qurumun Baş idarəsində görüş keçirib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, bu gün keçirilən görüşdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev məhkumların yaxınlarını salamlayaraq, cəza çəkənlərin valideynləri və ailə üzvləri ilə birbaşa təmasda olmaq, onların arzu və istəklərini dinləmək üçün Penitensiar xidmət rəhbərliyi tərəfindən belə görüşlərə xüsusi önəm verildiyini qeyd edib.

Nazir müavini əhalinin həssas qrupuna daxil olan məhkumların qanunvericiliklə müəyyən olunmuş hüquqlarının təmin olunmasına, onların saxlanma şəraitinin müasir standartlara cavab verməsinə daim ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini və bu məqsədlə dövlət proqramlarının qəbul olunduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən məhkumların valideynləri cəza çəkən qohumlarının saxlanma şəraitindən, onların hüquq və mənafelərinin qorunmasından razılıq edərək, Penitensiar xidmət rəhbərliyinə çoxsaylı suallarla müraciət ediblər. Bütün müraciətlər xidmətin Katibliyi tərəfindən qeydə alınıb və icra üçün aidiyyəti xidmət sahələrinə yönəldilib.

AzNews.az