Xalq, yoxsa...?!

20 Noyabr 2013 10:27 (UTC+04:00)
Lenin deyirdi ki, bizim axırımıza çıxsa sentimentallıq çıxacaq. Və kişi hər zamankı kimi bu barədə də yanılmadı. Yaxşı, o boyda kişini dinləməyib, Sovetin qırmızı tifağını sentimentallığımızla dağıdıb, ağ günə çıxammadığımız bu quruluşda bir az realist olaq barı.

Bu xalqın ağ atlı qəhrəman arzusu uşaqlıqdakı Şaxta baba arzusuna bənzəyəcək həmişə. Yenə heç olmasa xəyallarımızın reallaşması üçün Şaxta babaya bir məktub yazırdıq. Özü də, bizim uşaqlıq illərimizdə indiki kimi Şaxta babaların e-mailləri filan da yoxuydu. Lampa işığında sitildəyə-sitildəyə, soyuqdan tutulan qələmi "hafqırıb" nəfəsimizlə isidərək, birtəhər yazırdıq. İndi qos-qoca adamlar rahat, adam kimi yaşamaq üçün qımıldanmadan "halva-halva" deyib dururlar.

Ya da qoyasan yığışıb küncdə-bucaqda şikayətlənələr, hamının bildiyi, gördüyü, yaşadığı sosial problemləri uzaqbaşı endirib məişət səviyyəsində qeybət halına salalar. Bunlara görə problemləri həll etmək özlərinin vəzifəsi deyil ki… Bunların vətəndaşlıq borcu, beş ildən bir gedib məlum bir adı yazaraq o qutuya atmaq, sonra oturub qutudan çıxanların bunlara normal cəmiyyət quracağını gözləməkdir. Ay qurban olum, bir insafınız olsun, empatiya deyilən bir şey var...

Siz də bircə dəfə, həddiniz olmasa da, özünüzü qoyun bu hökumətin yerinə. Bu boyda neft gəliri, artan büdcə, ordu quruculuğu, uğurlu xarici siyasət, regionda analoqsuz inkişafı olan bir ölkə rəhbərliyi gəlib sənin sosial problemlərini həll etməli, normal cəmiyyət qurub verməlidir sənə?! Yox!!! Əzizlərim, bu düşüncəylə siz ancaq kütlə ola bilərsiz.

Özünə hörmət edən insanlar öncə vətəndaşlıq borclarını dərk edir, sonra hökumətdən özünə sayğı tələb edir, haqqını alır və kütlə şəklindən çıxıb xalqa çevrilir. Kimsənin gəlib sizi bu kütləvi bəlalardan qurtaracağı, normal, sivil, vətəndaş cəmiyyəti qurub sizə verəcəyi yoxdur. Bunu siz özünüz edəcəksiz (etməlisiz).

Nə qədər ki, hüquqlarınızı bilmirsiz, beləcə bu ölkənin polisindən kortəbii surətdə qorxacaqsız, o da bu qorxunuzdan istifadə edib sizi əzəcək.

Nə qədər ki, Milli Təhlükəsizlik əməkdaşını görəndə cin vurmuş kimi özünüzü itirəcəksiz , o da sizin bu özünüzə şübhənizin altında yatan cəhalətinizlə bəslənib kef edəcək.

Nə qədər ki, gözünüzü beş ildən bir qalxan əmək-haqqı, pensiyaların sizi qane edəcək məbləğə çatacağı xəyalını quracaqsız, o vaxtadək bu hökumət sizə vədlər verməyə davam edəcək.

Nə qədər ki, bu ölkənin jurnalistinin sizə problem yaratmaq üçün ortalıqda gəzən xata obyekti yox, sizin pozulan haqlarınızı bərpa etmək üçün çalışdığını anlamayacaqsız, beləcə, kütlə olaraq qalacaq, kütlə şəklində də idarə olunacaqsız.

Bu yazını ünvanladığım milyonların içində bir nəfər var. Köşə çap olunar-olunmaz, götürüb gedəcəm onun yanına. Haqqında "Bir nəfər" deyə yazsam, da mən onu fərd olaraq görmürəm. Sadəcə kütlənin bir parçası deyək. Bu kütlə parçası mənə elə od qoyub ki, bir həftədir özümə gələ bilmirəm.

Son günlər hamınıza məlum olan müəllimlər haqqında yazdığım statusdan sonra kütlə üstümə rəsmən ayaq açdı. Nəsə… Doğru və haqlı sözümün bədəlini kütləyə təzəcə ödəmişdim ki, belə bir hadisəylə rastlaşdım. Ətir mağazanın yuxarı başında gedən iki nəfərin söhbəti (qeybəti) burdakı qoxulardan daha cəlbedici gəldi mənə...

Deməli, kişilərdən biri sazı döşünə basmış aşıqlar kimi elə ürək yanğısıyla uşağının məktəbindəki biabırçılıqdan danışırdı ki, deyirdin bəlkə, bu saat əlinə kibrit versən Janna Dark tarixdə yalan olacaq. Dediyinə görə, bu gün uşağının ibtidai sinfində oxuduğu 9 saylı məktəbdə valideynlər iclası keçirilib. İclasda müəllim valideynlərdən beş manat təmizlik haqqı istəyib. Verməyən valideynlərə isə günaşırı növbəylə gəlib sinfi təmizləyəcəklərini deyib.

Yavaşca yaxınlaşdım ona. Adamlarımızın psixologiyasını yaxşı bildiyim üçün marağımı maksimum gizlədib, söhbət üçün qızıl kəlməni tapdım: - Qardaş, naxçıvanlısız? - Hə, hardan bildiz? "Ləhcə" demədim. Onun gözlədiyi cavabı verdim… Artıq söhbətə başlamışdıq. Bir də bayaqdan danışdığı hal-qəziyyəni başdan ətraflı danışdıqdan sonra soruşdum: - Siz neylədiz bəs? - Valideynlər hamısı arvadlı, aralarında bir kişi məndim. Onlar pula razılaşdı deyə, mən tək etiraz etməyə utandım, yana-yana çıxarıb verdim pulu. Bu məqamda jurnalist olduğumu, bu işin arxasınca getmək istədiyimi, buna görə mənə kömək üçün dediklərinin arxasında axıra kimi durmasını istəyəndə, yerlimin yersiz suallarından əsəbiləşdim.

Dili dolaşa-dolaşa qayıtdı: - Guya bir bunu həll etməklə nə dəyişəcək ki? Sən də, mən də, hamımız bilirik ki, Azərbaycanda məktəblərin vəziyyəti bu gündədi. İndi mən deyəcəm, problem olacaq, uşaqların içində uşağım utanacaq, sonra müəllimlər uşağı sıxışdıracaq, fərq qoyacaqlar. Ona görə xahiş edirəm, lazım deyil. Qoy cəhənnəm olsun. İt aparan sayaram o pulu da.

Xeyli söhbət, izah filan elədikdən sonra adamı birtəhər inandıra bildim ki, bunu elə uşağı üçün, ümumiyyətlə, bütün uşaqlar, imkansız valideynlər, bu biabırçılığa məcbur edilən müəllimlər ümumilikdə belə şeylərə etiraz etməli və bir daha təkrar olunmaması üçün çalışmalıyıq. Səhəri gün gəlib işdən məktəblə əlaqə saxlayaraq, belə bir halın olub-olmadığını soruşdum. Birmənalı olaraq inkar edən dərs hissə müdirinə deyəndə ki, valideyn şikayətidir, bayaqdan telefonun o biri başında üstümə qışqırıb qarabasdı gələn xanımın səsinin ritmi dəyişdi.

Təkidlə tələb etdi ki, hansı valideyndi, gəlsin məktəbdə araşdıraq (hələ bu barədə direktora şikayət etmədiyi üçün qarasınca da danışdı), belə bir hadisə olubsa, həmin sinfin müəllimini bu özbaşınalığına görə cəzalandıraq, töhmət verək, lazım gəlsə işdən çıxaraq. Bir azdan valideynlə məktəbə gedəcəyimi bildirib, telefonu söndürdüm. Gün boyu həmin valideyni aradım. Axırda telefonu açıb laqeyd səslə dedi:

- Xanım, mənim işim-gücüm var. Bir mənim verdiyim beş manatı geri almaqla məmləkətin dərdi bitəsi deyil. Sizə də məsləhət görürəm daha əhəmiyyətli işlə məşğul olasız. Saq olun.

İndi bu adamın pulunu da, canını da, uşağının gələcəyini də, rahatlığını da əlindən almazlarmı?! Hələ də başa düşə bilmirəm ki, o adamın kütlə psixologiyasının altında yatan səbəb nədir: tənbəllik, sentimentallıq, qorxu, savadsızlıqdır, yoxsa…?!

P.S "Hər kəs devrim olsun istəyir, ama kimsə devrimçi olmaq istəmir"

AzNews.az