Benzinin qiyməti qalxacaq

20 Noyabr 2013 11:08 (UTC+04:00)
Gələn ildən Azərbaycanda yanacağın keyfiyyəti ilə əlaqədar "Euro-3" standartı tətbiq ediləcək.

"APA-Economics"in xəbər verdiyinə görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib: "Artıq standart hazırdır və yalnız onun həyata keçirilməsi məsələsi qalıb. Nazirlər Kabinetinin müvafiq qərarından sonra 2014-cü il yanvarın 1-dən etibarən yeni standartın tətbiqinə başlanılacağı gözlənilir".

Komitə sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən hətta "Euro-4" və "Euro-5" standartları da artıq hazırlanıb, lakin bu standartlar hələ rəsmi şəkildə qüvvəyə minməyib.

R.Həsənov yeni standartın tətbiqi məsələsinin yanacağın qiymətinə təsirindən də danışıb: "Yeni standartla əlaqədar yanacağın qiymətinin artacağını düşünmürəm. Lakin bu baş versə də, çox cüzi ola bilər. Hesab edirəm ki, ekologiya və sağlamlıq hər şeydən vacibdir. Ona görə biz bu standarta keçməliyik".

AzNews.az