Yağmursuz hava şəraiti davam edəcək

20 Noyabr 2013 11:52 (UTC+04:00)
Azərbaycanda yağmursuz hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq və şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 12-15 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 21-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 4-9, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

A.Verdiyev bildirib ki, yaxın 3 gün ərzində respublika ərazisində hava şəraitində elə ciddi dəyişiklik gözlənilmir.

AzNews.az