Iran BMT- dən kömək istədi

8 Avqust 2012 12:09 (UTC+04:00)


Iran Suriyada və Livanda girovluqda olan vətəndaşlarının azad olunması üçün BMT- dən kömək istəyib. Iranın xarici işlər naziri Əli Əkbər Salehi BMT- nin baş katibi Pan Gi Muna məktub ünvanlayıb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, məktubda əsas diqqət Suriya silahlı müxalifəti tərəfindən girov götürülmüş 48 İran vətəndaşına və onlardan üçünün öldürülməsinə ayrılıb.

Qeyd edilib ki, sağ qalan girovların həyatı təhlükə altındadır və onların azad edilməsi istiqamətində təcili tədbirlər görülməlidir. Bundan əlavə məktubda İran Qızıl Aypara cəmiyyətinin Liviyanın Benqazi şəhərində girov götürülmüş 7 əməkdaşına da xüsusi yer ayrılıb və qeyd edilib ki, onların qanunsuz olaraq girovluqda saxlanılması beynəlxalq insan haqları normalarının pozulmasıdır. Qeyd edək ki, qarşı tərəf - Suriya və Livan hesab edir ki, Onlar İran tərəfinin təqdim etdiyi kimi zəvvar yox İslam İnqilabı Keşikçiləri Korpusunun mücahidləridir.


Sadiq

AzNews.az