İranın “Suriya planı”

8 Avqust 2012 12:40 (UTC+04:00)


"Ərəb baharı"nın Suriya böhranı yekunlaşma mərhələsinə qədəm qoyub. Bu prosesin nə qədər sürəcəyi barədə bəri başdan qəti fikir səsləndirmək mümkün olmasa da, hər halda nəticə bəllidir. O mənada ki, ortada "gül" kimi Misir və Liviya təcrübəsi var.

2010-cu ilin sonlarından start götürüb 2011-ci ilin başlanğıcından daha da qızışan inqilablar Misir lideri Hüsnü Mübarək, Liviya lideri Müəmmar Qəddafinin yarıməsrlik hökümranlığına faciəvi formada son qoydu. Bir bölgədə başlayıb, yaxın ətrafı bürüyən inqilab dalğasının nə ilə nəticələnəcəyindən zamanında baş çıxarıb, mümkün qədər itkisiz ötüşməyi bacaran yeganə dövlət isə Tunis oldu. Baxmayaraq ki, bu ölkənin lideri də taxt-taci ilə vidalaşmalı oldu, amma o, Mübarək və Qəddafi kimi hakimiyyəti saxlamaq üçün xalqının qanını axıtmadı, ölkəsini dağılma həddinə çatdırmadı. Hakimiyyəti qorumaq naminə özünü o dərəcədə alçalmış duruma da salmadı. Bununla da məlum vəziyyətə düşməkdən sığortalana bildi və həmçinin müəyyən mənada belə bir biabırçılıqdan özünü qorudu.


***


Artıq bir ildir Suriya inqilab alovunun girdabındadır. Nə yazıq ki, hakimiyyət hərisliyi Suriya lideri Bəşər Əsədi də qan tökməkdən çəkindirə bilmədi. Əsəd Mübarək və Qəddafinin taleyini görməzlikdən gəldi. Sələflərinin "mübarizə" yolunu gedərək, etiraza qalxan xalqı ilə topun- tüfəngin dili ilə danışmaga, onları gücün qarşısında susdurmağa çalışdı. Amma maraqlıdır ki, Bəşər Əsədi az da olsa, saya salıb arxasında duran ölkələr var: Rusiya və Çin. Bir də İran. Məhz BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çinin öz maraqları naminə tutduqları mövqe Suriyada faciəvi durumun ömrünü bir qədər uzatmğa xidmət edir. Bu mənada İran da Suriya liderinə dəstək verməklə Rusiya və Çinin mövqeyinin möhkəmlənməsinə çalışdı. Bunun da uzun sürməyəcəyi şəksizdir.


***


Hələlik Avtoritar rejimlərin höküm sürdüyü hər üç ölkənin "himayəsi"nə əmin olan, daha doğrusu sığınan Suriya lideri Əsəd dünyanın sivil toplumlarının, beynəlxalq qurumların çağırışlarını qulaqardına vurmaqdadır. Sözügedən dövlətlərin maraqları tələb etdiyindən "himayə"çiliyin müvəqqəti xarakterli olacağını heç düşünmür də. Bu üçbucağın təpə nöqtəsində qərarlaşan Rusiyanın ara-sıra mərkəzdənqaçma siyasəti Əsədin diqqətindən yayınsa da, başqalarının yaddaşında dərin iz salıb. İrana gəlincə, bu ölkənin oynadığı siyasət daha təhlükəli məcra ala bilər. Hər halda müşahidələr rəsmi Tehranın cəhdlərinin arxasında məkirli niyyətin dayandığını ortaya çıxarır.


***


Belə ki, İran uranı zənginləşdirmək iddiasında israrı ilə dünyanın gündəminə gələndə ərəb ölkələri "firəvan, sakit", çox şeydən "bixəbər" "xoşbəxt" həyat sürməkdə idilər. Heç bu ölkələrdə belə tezliklə "ərəb baharı"nın tüğyan edə biləcəyi də ağıla gəlməzdi. Əksinə nüvə silahına sahiblənməklə İranın dünya üçün təhlükəyə çevriləcəyini düşünən dövlətlər, ciddi şəkildə onun üzərinə getməkdəydi. ABŞ başda olmaqla Avropanın əksər ölkələri İrana qarşı sanksiyalar tətbiqi ilə onu uranı zənginləşdirməkdən çəkindirməyə çalışırdılar. Lakin İranın inadkarlığı siyasi ekspertlərin müxtəlif yanaşmalarının ortaya çıxmasına səbəb olurdu. Yəni proseslər o dərəcədə sürətli hal almışdı ki, müşahidəçilər İran ətrafında həlqənin getdikcə daha çox daraldığını, tezliklə Azərbaycanın yaxın qonşuluğunda müharibənin qaçılmaz olacağını dilə gətirirdilər. Şübhəsiz həmsərhəd ölkə olmaq baxımından müharibə bizim üçün arzuolunan hal sayıla bilməz. Bütün mənalarda Azərbaycana müsbət nəsə vəd etməyən gərginliyi rəsmi Tehranın Azərbaycanı təhdidedici hədələri bir qədər də qatılaşdırırdı.

Uranı zənginləşdirməkdə olan İran həm də buna görə üzərinə gələn dövlətlərə meydan oxumaqdan da qalmırdı. Rəsmi Tehran Ağ Evə və bu koalisiyada ona yoldaşlıq edənlərə kəskin mesajları mesaja calamaqdaydı. İranın Əfqanıstan, İraq olmadığını Amerikaya, onun müttəfiqlərinə sözlə başa salmağa və bununla da İranı hərbi müdaxilədən sığortalamağa çalışan rəsmi Tehran hesab edir ki, hansı gücə və nüfuza malik olmasından asılı olmayaraq bu ölkə ilə müharibə fikrinə düşən özünün məhvini imzalamış olar. Əksər siyasi ekspertlərin də İran rəsmilərinin qənaətini bölüşdüklərini, İranla müharibənin təhlükəli olduğunu nəzərə alsaq, onda "Ərəb baharı"nın bütün tərəflər üçün göydəndüşmə olduğunu düşünmək olar. Ələlxüsus da İranın özü üçün.


***


İranın Suriya məsələsində tutduğu mövqe onu deməyə əsas verir ki, rəsmi Tehran uranı zənginləşdirmək istəyinin əleyhinə gedənlərlə haqq-hesabı elə Suriyada çürüdə bilər. Heç şübhəsiz, rəsmi Tehran bunu ən real şans, əldən verilməsi mümkünsüz olan fürsət hesab edir. İranın təbirincə desək, anti-İran koalisiyası təmsilçilərinin qəbirləri İranda deyil, Suriyada qazıla bilər. Belə bir qənaətin haradan hasil olduğunu müəyyənləşdirmək baxımından son günlərdə rastlaşılan bir neçə əlahəzrət fakta müraciət etmək yetərlidir.


Avqustun 4-də Suriya müxalifəti 48 iranlını girov götürünb. Onlardan 3 nəfəri sığındıqları binaya endirilən aviazərbə nəticəsində qətlə yetiriliblər. Bundan əlavə silahlı müxalifət xəbərdarlıq edib ki, hökumət 1 saat ərzində ağır artirelaya hücumlarını dayandırmasa onlar digər iranlıları da qətlə yetirəcəklər.

Qeyd edək ki, 48 iranlı paytaxt Dəməşqdə Avqustun 4-də oğurlanb. İranın Suriyadakı səfirliyi faktı təsdiqləyib və bildirib ki, İran vətəndaşları hoteldən Sit-Zeynəb məscidini ziyərət etməyə gedərkən oğurlanıblar. Suriya silahlı müxalifəti isə iddia edir ki, onlar zəvvar yox, İslam İnqilabı Keşikçiləri Korpusunun döyüşçüləridir və Əsəd rejiminə dəsdək məqsədiylə ölkəyə gəliblər.


***


Bu arada İranın Ali Milli Təhlükəsizlik Şuraısının katibi Səid Cəlili gözlənilmədən Suriyaya səfər edib. O, Suriyada dövlət başçısı Bəşər Əsəd də daxil olmaqla yüksək rütbəli dövlət və hökumət nüməyəndələri ilə görüşüb. iran.ru saytının verdiyi xəbərə görə, Cəlili Dəməşqə Beyrutdan səfər edib və səfər əsnasında Livan hökumət üzvləri ilə də görüşüb. Dəməşqə səfər edən Cəlilini Suriya xarici işlər nazirinin müavini və İranın Suriyadakı səfiri qarşılayıb. İran mətbuatının məlumatına görə, Cəlilinin səfərində əsas məqsəd Suriyada silahlı müxaliflər tərəfindən girov saxlanılan 48 İran vətəndaşının azad olunması yollarını müzakirə etməkdir. Bundan əlavə Cəlili Suriya prezidenti ilə görüşdən sonra mətbuat konfransı da keçirib.

Digər bir fakt İranın Türkiyəni hədəfə almasıdır. Türkiyənin Suriya siyasətini həzm edə bilməyən İran rəsmiləri rəsmi Ankaranı kəskin tənqid etməkdən çəkinməyib. İslam inqilabı keşikçiləri korpusunun komandanı Həsən Firuzabadi korpusun rəsmi saytına müsahibəsində bildirib ki, Suriyadan sonra növbə Türkiyəyə gələcək. O həmçinin Suriyadakı qırğınlara görə, Türkiyə ilə yanaşı, Səudiyyə Ərəbistanı və Qətəri ittiham edərək, adı keçən dövlətlərin Suriya siyasətini kəskin tənqid atəşinə tutub. ABŞ – ı "böyük şeytan"adlandıran Firuzabadi qonşu dövlətlərin bu ölkəyə yardım etməsini doğru siyasət saymayıb və əlavə edib ki, onlar bilsinlər ki, Suriyadan sonra növbə Türkiyə və digərlərinə çatacaq.

İran yaxın zamanalarda Suriya probleminin həlli yollarını müzakirə etmək məqsədiylə beynəlxalq konfrans təşkil etməyi də planlaşdırır. Daha nələri planlaşdıracağı isə Suriyadakı vəziyyətin diqtəsindən və İranın istəyinə bağlı olacaq.


Gültən

AzNews.az