Putin:“Bu necə sualdır, Ərdoğan bura arvadı ilə gəlib”

22 Noyabr 2013 17:57 (UTC+04:00)
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirən prezident Putinin zarafatı jurnalistlərin gülüşünə səbəb olub.


"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğana Rusiyada girov müqabilində bu yaxınlarda azadlığa buraxılan "Greenpeace" fəalı Gizem Akhanın vəziyyəti ilə bağlı sual verilib. Baş nazirə "Rusiyadan çıxış qadağası olmasa Gizem Akhanı Türkiyəyə özünüzlə götürərsinizmi" sualı ünvanlanıb. Bu zaman Putin müdaxilə edib və "cənab baş nazir bura həyat yoldaşı ilə gəlib. Necə onu özü ilə apara bilər, bu necə sualdır verirsiniz" zarafatını edib. Putinin bu sözlərinə salondakılar gülüşlə cavab veriblər.

Daha sonra Ərdoğan çıxış edərək Putinlə bu məsələni müzakirə etdiyini, onun girov qarşılığında buraxılmasının önəmli olduğunu deyib.

Xatırladaq ki, 63 gün idi ki, Rusiyada həbs olunan Gizem Akhan bir neçə saat əvvəl girov müqabilində azadlığa buraxılmışdı. "Arctic Sunrise" gəmisi ilə Şimal Buzlu okeana gedən Akhan və onun dostu 19 sentyabrda Rusiyaya aid neft platformasında nümayiş keçirdikləri üçün həbs olunmuşdular. Akhan ifadəsində yeganə məqsədinin Şimal qütbünün gələcəyi üçün mesaj vermək olduğunu bildirmişdi.

AzNews.az