İsveçdəki səfirimiz Qarabağ məsələsini qaldırdı-Görüş

22 Noyabr 2013 23:59 (UTC+04:00)
Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Adış Məmmədovun İsveç Parlamentinin
sədri Per Vesterberq ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan-İsveç münasibətləri müzakirə olunub, Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. AzNews.az-ın məlumatına görə, səfir Avropanın enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolundan danışaraq Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin əhəmiyyətinə toxunub.

Sonra səfir A. Məmmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Parlament Sədrinə geniş məlumat verib, Azərbaycan dövlətinin və hökumətinin konflikt ilə bağlı mövqeyini bildirərək münaqişənin həllində beynəlxalq təşkilatların daha da fəal olmalarının zəruriliyini vurğulayıb.

Öz tərəfindən Per Vesterberq Azərbaycanın – Avropa əlaqələrinin daha da inkişaf etdirilməsini tövsiyə etmiş, hər iki ölkənin Parlamentinin bu istiqamətdəki fəaliyyətinin zəruri olduğunu vurğulayıb.