Mikayıl Cabbarov müəllimlərə yüksək əmək haqqı söz verdi- Müsahibə

23 Noyabr 2013 09:09 (UTC+04:00)




Təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetinə verdiyi müsahibəsi


- Cənab nazir, ölkə Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması ilə bağlı sərəncam imzalamışdır. Bu sənədin qarşıya qoyduğu əsas məqsəd nədən ibarətdir?


- Strategiyanın konkret məqsədlərini qeyd etməzdən əvvəl istərdim ki, qısa şəkildə onu zəruri edən səbəblərə toxunam. Yaxın perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan Dövlət Strategiyasında da əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrə və onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz hazırda özünün yüksək inkişaf dövrünü yaşayır.

Aparılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradıb. Azərbaycan artıq yeni dövrə - modernləşdirmə dövrünə qədəm qoyub. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir.

Xalqımızın müstəqil yaşamaq kimi tarixi haqqının gerçəkləşməsi gələcək inkişaf perspektivlərinin aydın şəkildə müəyyənləşdirilməsinə imkan verir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəflərin gerçəkləşməsi də xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı missiya ilə bağlıdır.

Müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət, bəşəriyyət bir şeyi aydın dərk edib ki, təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

Dünyada və onun bir parçası olan Azərbaycanda müasirləşmənin yolu yeni təhsil fəlsəfəsinin, elmi nailiyyətlərin və innovasiyaların məhsulu olan qabaqcıl texnologiyaların, idarəetmə üsullarının tətbiqindən keçir.

Bunun üçün əsas prioritet istiqamətlər ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirməkdən, insan kapitalının inkişafını, hər bir ölkə vətəndaşının müasir bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən ibarətdir. Bütün bunlara isə məhz təhsilin inkişafı sayəsində nail olmaq mümkündür.

Eyni zamanda, sürətlə modernləşən Azərbaycanda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha təsirli addımların atılmasına ehtiyac vardır. Bu ehtiyacın ödənilməsi tələbindən irəli gələn Dövlət Strategiyasının əsas məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırmaqdır.

Bir daha qeyd etmək istərdim ki, təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır. Bunun üçün isə bizə yol göstərən, fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən konseptual sənədimiz var - Dövlət Strategiyası.

İnanmaq istərdim ki, strategiyanın reallaşdırılması bu məqsədə nail olmağa, təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin, infrastrukturun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafı təmin edəcəkdir. Bu, inkişafın Azərbaycan modelinin qurulmasında təhsildən gözlədiyimiz töhfələr olacaqdır.

- Bəs, Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı perspektivdə hansı işlərin görülməsi nəzərdə tutulur?


- İlk növbədə Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsi beş ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

Fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunduqdan sonra nəzərdə tutulan işlərin görülməsinə başlanılacaqdır. Artıq Təhsil Nazirliyində müvafiq sahələri əhatə edən fəaliyyət planının hazırlanması məqsədilə işçi qrup yaradılmışdır.

Onu da qeyd edək ki, strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlər də cəlb olunmaqla hazırlanacaqdır.

Təbii ki, fəaliyyət planında islahatların məqsədi və strateji istiqamətləri, seçilmiş prioritetlər, onların reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramları, icraya məsul və tərəfdaş qurumlar, aralıq və yekun hədəflər, həmçinin, icra dövrü dəqiq şəkildə müəyyən ediləcəkdir.

- Strategiya ilə tanış olduqda xeyli yeni hədəf və gələcək fəaliyyət istiqamətlərinin əks olunduğunu görürük. Ümumiyyətlə, əsas hansı istiqamətlər üzrə islahatların aparılması nəzərdə tutulmuşdur?


- Bu sualla bağlı bir rəvayəti xatırladım. Məşhur rəvayətdə daş ustlarının birindən soruşanda ki, sən nə ilə məşğulsan? O cavabında araba ilə daş daşıdığını qeyd edir. İkinci ustadan soruşanda ki, bəs, sən nə ilə məşğulsan? O, "Şartr qəsrini tikirəm", - deyərək öz işini son məqsədə bağlamışdır.

İlk növbədə onu qeyd etmək istərdim ki, XXI əsrdə təhsilli insan anlayışı kifayət qədər yeni meyarlarla ölçülür. Bu gün təhsilli şəxs yeni əsrin ab-havasına daha yaxından bələd olmalı, düşüncə tərzi ilə yeni bilik və kommunikasiya texnologiyalarını əxz etməli, ömürboyu öyrənməli və ya informasiyanı biliyə, biliyi isə bacarığa çevirə bilməlidir. Bu yanaşma həm də müasir təhsil paradiqmalarını özündə ehtiva edir.

Bunun üçün nə etməli? İlk növbədə təhsildə innovativ idarəetmənin bərqərar olmasına nail olmalı, hər bir təhsilalana hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün isə bir daha qeyd edirəm ki, təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması vacibdir.

Dövlət Strategiyasında qeyd olunan əsas parametrlər ölkədə keyfiyyət nəticələrinə və əhatəliliyinə görə beynəlxalq aləmdə öncül mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərini, müasir texnologiyaya əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə islahatyönümlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bunları strategiyada göstərildiyi kimi sadalasaq, belə təsnif edə bilərik: təhsilin məzmunu, müəllim və tədris metodları, idarəetmə, infrastruktur və maliyyələşmə.

Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılmasını nəzərdə tutan birinci istiqamət müasir təhsilşünaslığın ən çox müraciət etdiyi məsələdir. Strategiyada təhsilin məzmunu ilə bağlı məqam təhsil sisteminin bütün pillələrini - məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə kurikulumların inkişaf etdirilməsi kimi vacib hədəfləri əhatə edir.

Bildiyiniz kimi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ümumi təhsilin dövlət standartları və proqramları təsdiq edilmişdir və hazırda tətbiq olunmaqdadır. Ümumi təhsil üzrə yeni hazırlanmış fənn kurikulumları I-VI siniflərdə tətbiq edilir. Digər siniflər üzrə də təhsilin məzmunu ilə bağlı start götürən proseslər də davam etdiriləcəkdir. Burada xüsusilə qeyd olunmalıdır ki, məktəbəqədər təhsil pilləsi üzrə kurikulumun işlənib hazırlanması çox vacib amildir və bu, strategiyada diqqət yetirilən məsələlərdəndir.

Mövcud ilk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları da hazırda dövrün tələblərinə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurikulumlar tətbiq edilsə də, bütövlükdə ali təhsil müəssisələrinin kurikulumları əmək bazarının müasir şərtlərinə uyğun gəlmir. Odur ki, strategiyanın birinci strateji istiqaməti üzrə, əsasən kurikulumların daha da inkişaf etdirilməsi nəzərdə tutulur və bu prosesin davamlı xarakter alması qeyd olunur.

İkinci istiqamət təhsil sahəsində çalışanların bilik, bacarıq və kompetensiyalarının daim inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamət müasir, innovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanmasına xidmət edir.

İndiyədək səriştəyə əsaslanmayan, əmək bazarında kifayət qədər rəqabətli olmayan əməkhaqqı sisteminin mövcud olması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərib. Ona görə də təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətlərinin müasir dövrün tələblərinə uyğun yüksəldilməsi təmin edilməlidir.

Təsadüfi deyil ki, ikinci strateji istiqamət özündə həm də müəllimlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemin qurulması, istedadlarının üzə çıxarılması və inkişafı, xüsusi qayğıya ehtiyacı olanların inklüziv təhsilə cəlb olunması kimi fəaliyyət sahələrini birləşdirir. Burada xüsusi qayğıya ehtiyacı olanların inkluziv təhsili anlayışının sərhədlərini geniş düşünmək lazımdır. Xüsusi istedadlı təhsilalanların da bu anlayışa daxil olması tamamilə yeni yanaşmalar tələb edir.

Bu yanaşmalar isə müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsini, İKT-dən təhsildə daha geniş istifadəni də nəzərdə tutur ki, bunlarsız müasir dərsi, çağdaş müəllimin fəaliyyətini təsəvvür etmək mümkün deyil.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasına yönəlmişdir. Hazırda təhsilin idarə olunmasında başlıca problemlərdən biri tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Dövlət təhsil müəssisələrinin tabeçilik məsələlərində müəyyən uyğunsuzluqlar qalmaqdadır. Dövlət Strategiyasında təhsilin idarəolunması ilə bağlı tamamilə yeni mexanizm ehtiva olunur.

Nəzərdə tutulur ki, təhsil sistemində tənzimləmə və idarəetmə qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilsin, təhsil müəssisələrində nəticəyönümlü və şəffaf idarəetmə modeli tətbiq olunsun, təhsilin keyfiyyətinin təminatı və idarəetmə üzrə yeni məlumat və hesabat sistemləri yaradılsın. Bununla da təhsilin idarə olunması konseptində qərar vermə mexanizmləri, səlahiyyət və məsuliyyətin çərçivəsi, hesabatlılıq meyarları yeni mahiyyət kəsb edir. Səlahiyyətlə hesabatlılıq arasında uzlaşma, əlaqə mütənasibliyi təmin olunur.

Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən infrastrukturun yaradılmasını nəzərdə tutur. Müşahidələr göstərir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir. Ona görə də təhsil müəssisələrində IKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması yaxın perspektivin prioritet məsələsi hesab olunur.

Burada bir məqama diqqət yetirmək lazımdır. Bu sənəddə ilk dəfə olaraq ömürboyu təhsil anlayışına xüsusi əhəmiyyət verilir. Bu da ondan irəli gəlir ki, informasiya cəmiyyəti ömürboyu öyrənmə bacarıqlarına sahib fərdlərə ehtiyac duyur.

Bu məqsədlə də təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil, yaşlıların təhsili, regionlarda təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən universal mərkəzlərin yaradılması, peşə tədris mərkəzləri və komplekslərinin qurulması kimi tədbirlər qeyd olunan istiqamət çərçivəsində nəzərdə tutulan əsas hədəflərdəndir.

Nəhayət, beşinci istiqamət ölkəmizdə iqtisadi cəhətdən dayanıqlı və dünyanın öndə gedən təhsil sistemlərinin standartları ilə eyni səviyyədə dura bilən maliyyələşdirmə modelinin qurulmasını özündə ehtiva edir. Bu istiqamət çərçivəsində təhsilin mövcud maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, təhsil müəssisələrinin adambaşına maliyyələşmə sisteminə keçidi, ödənişli təhsil xidmətləri göstərilməsinin dəstəklənməsi və Təhsilin İnkişafı Fondunun yaradılması nəzərdə tutulur.

- Dövlət Strategiyasının tətbiqi nəticəsində məktəbəqədər təhsilin müasir tələblər səviyyəsinə yüksəlməsi mümkün olacaqmı? Fəaliyyət planında bununla bağlı nələri görə biləcəyik?


- Bu gün müasir təhsil platforması bizə onu deyir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafına dövlət siyasətində ciddi əhəmiyyət verilir.

Etiraf etməliyik ki, respublikamızda məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4 faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə isə 16,5 faiz təşkil edir.

Son illərdə paytaxtımızda yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində çox mühüm addımlar atılmışdır. Bunun nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatmışdır. Lakin bu sahədə həllini gözləyən problemlər hələ də qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin əksəriyyətində məktəbəqədər təhsil müəssisəsi yoxdur.

Dövlət Strategiyasında uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsaslarla müvafiq xidmətlərin göstərilməsi (dərs və ya təlim vəsaitləri və s.) də strateji hədəflər sırasında yer almışdır.

Həmçinin erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Burada bir şeyi nəzərə almaq lazımdır ki, biz məktəbəqədər təhsili təhsil pillələrinin çox vacib həlqəsi kimi nəzərə alaraq onun inkişaf perspektivini çox aydın görürük.


- Dövlət Strategiyasında 12 illik ümumi təhsilə keçidlə bağlı məqam ictimaiyyətdə böyük maraqla qarşılanıb və çoxsaylı suallar yaranıb. Bu keçid təhsildə hansı yeniliklərə və keyfiyyət dəyişikliklərinə səbəb olacaq?


- Əvvəla, onu bildirim ki, 12 illik ümumi təhsilə keçidi zaman, təhsilin məzmununda baş verən yeniliklər, bir sıra araşdırmaların nəticələrinin nəzərə alınması diktə edir.

Dünyanın bir çox qabaqcıl ölkələrində təhsil müddətinin artırılması istiqamətində artıq müəyyən addımlar atılmışdır və bu proses davam etməkdədir. Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Son statistik məlumatlara görə belə ölkələrin sayı 170-i ötmüşdür. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Onu da vurğulamaq istərdim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı bir ölkədə istənilən təhsil pilləsi uzrə təhsil müddətinin bir il artırılması ölkənin Ümumi Daxili Məhsulunun 3-6 faiz artmasına gətirib çıxarır.

Bununla yanaşı, təhsil müddətinin artırılması təhsilə ayrılan xərclərin də artması ilə nəticələnir. Özü də bu artım kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Lakin xərclərin artmasına və olduqca böyük miqyaslı tədbirlərin həyata keçirilməsi perspektivlərinə baxmayaraq, bu, Azərbaycan dövlətinin strateji xəttini, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks etdirir.

12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulmuşdur. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaqdır. Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır.

Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir. Digər bir məsələ də onunla bağlıdır ki, biz ümumi orta təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil inkişafın yeni çağırışlarını dəyərləndirmək və daha yetkin vətəndaş yetişdirmək baxımdan əlavə resurs və gələcəyə hazır olmaq imkanıdır.

İnanırıq ki, ümumi təhsildə 12 illik təhsil modelinə keçid təhsilin keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir.

- Cənab nazir, ümumi təhsilin məzmunu və dərsliklər bu gün hamının maraq dairəsində olan məsələdir. Bununla bağlı strategiyada hansı tədbirlərin həyata keçirilməsi gözlənilir?


- Doğurdan da bu məsələyə cəmiyyət tərəfindən xüsusi diqqət var. Strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılması birinci istiqamət kimi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə göstərir ki, təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri kurikulumların ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir.

Elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Çünki səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha səmərəli xidmət göstərir.

Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir. Bu isə müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Məsələn, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Kurikulumlara əsaslanan yeni və alternativ dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması bu sahədə görüləsi mühüm işlərdəndir. Bunlarla bərabər, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramları da hazırlanacaqdır.

Bütün bunlar bizə o imkanları verəcək ki, təhsilalan təkcə bir dərsliyi deyil, daha geniş öyrənmə mənbələri ilə, sınaqdan çıxmış və dünyanın mötəbər nəşriyyatlarının qrifi ilə çap olunan xarici dərslik nümunələri ilə, o cümlədən elektron resurslarla tanış ola bilsin, öyrənməyi öyrənsin, yiyələndiyi biliyi bacarıq və vərdişə çevirsin. Məktəb isə müəllim mərkəzli deyil, şagird-öyrənən mərkəzli olsun.

- Bildiyimizə görə, strategiyada məktəblərin idarə olunması və maliyyələşməsi ilə bağlı konseptual qərarların qəbul olunması gözlənilir. Buna münasibət bildirməyinizi xahiş edirəm.

- Tamamilə doğru söyləyirsiniz ki, strategiyaya əsasən təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması da qarşıda duran ən mühüm vəzifələrdəndir. Bilirsiniz ki, hazırda təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur. Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri istisna olmaqla dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyillər.

Təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı onların fəaliyyətinin nəticələri nəzərə alınmır. Eyni zamanda, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımırlar.

Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün bu sahədə monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sistemi inkişaf etdirilməlidir. Təhsil və kadr hazırlığı prosesinə, eləcə də təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. Halbuki onlar bu prosesdə yaxından iştirak etməlidirlər.

Bu istiqamətlər, yəni təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes tərəfdaşlığına əsaslanan idarəetmə sisteminin formalaşdırılması üçün strategiyada bir sıra məsələlər nəzərdə tutulmuşdur.

Bu sahə qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulacaqdır. Həmin təcrübəyə müvafiq olaraq tənzimləmə və idarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcəkdir.

Nəzərdə tutulmuşdur ki, təhsil müəssisələrinin yeni akkreditasiya, təhsil sahəsində dövlət-biznes partnyorluğu sistemləri yaradılsın. Biz nəzərə almalıyıq ki, təhsilalanın bilik, bacarıq və vərdişləri əmək bazarının tələblərinə müvafiq olmalıdır. Bu da işəgötürənin təhsil mühitinə cəlb olunması ilə bilavasitə bağlıdır.

Dövlət Strategiyasında nəzərdə tutulan təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasına xüsusi baxmaq lazımdır. Reytinqin bütün indikatorları nəzərə alınaraq ölçülməsi təhsil müəssisələri arasında sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyən olunması və tətbiq edilməsinə kömək edəcək. Bu həm də bizə təhsil qurumlarının - şəhər,rayon təhsil şöbələrinin fəaliyyətini təhsilalanların nailiyyətlərinə uyğun qiymətləndirməyə,təhsil göstəricilərini nəticəyönümlü təhlil etməyə, xarakterik problemləri və prioritetləri daha düzgün müəyyənləşdirməyə yardım edəcəkdir.

Buna görə də təhsil sistemində dövlət sifarişinin formalaşdırılması məsələlərinə yenidən baxılması, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, təhsil müəssisələrinin nəticə yönümlü və şəffaf idarəetmə modelinin yaradılması, təhsil ocaqlarına idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi bu sahədə başlıca hədəflərdəndir və yəqin ki, bunların tətbiqi ilə bağlı müvafiq qərarlar qəbul olunacaqdır.

Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunması təhsilin idarəetmə işinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcəkdir.

Təhsilin maliyyələşdirilməsi sahəsində də görüləsi işlər çoxdur. Burada ən böyük hədəf təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsil xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçididir. Biz strategiyada tamamilə yeni maliyyə institutunun - büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişaf Fondunun yaradılmasını nəzərdə tutmuşuq. Bu da təhsillə bağlı xüsusi layihələrin, tədqiqatların və s. yeni maliyyələşmə mexanizminin tətbiq olunmasına yardım edəcəkdir.

Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Dövlət Strategiyasında bu məsələ də öz əksini tapmışdır. Belə ki, strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında öz əksini tapacaqdır.

- Cənab nazir, Dövlət Strategiyasının ilk peşə-ixtisas təhsilinin inkişafına təsiri nədən ibarət olacaqdır?

- Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində müəyyən işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu sahədə Təhsil Nazirliyinin həyata keçirdiyi "Müasir Azərbaycan peşəkarları" layihəsi partnyorlarla effektiv işbirliyi şəklində həyata keçirilir və iş davam etdirilir.

Lakin bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsilinin kurikulumları müasir tələblərə cavab vermir. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatından xeyli geridir. Son illərdə ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların cəmi 25-27 min nəfər təşkil etməsi cəmiyyətdə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.

Strategiyada cəmiyyətin tələblərinə uyğun ilk peşə-ixtisas və orta ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, eləcə də müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulmuşdur. Həmin tədbirlərin həyata keçirilməsi, bu sahənin inkişafına öz müsbət təsirini göstərəcəkdir.


- Strategiyada ali təhsil sahəsində hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır?

- Son illərdə Azərbaycan Respublikasında ali təhsilin inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Bu sahədə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi ilə bağlı dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir. Bununla yanaşı, aparıcı beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu göstərir. Bu da bizdən ali təhsildə yeni yanaşmaları tələb edir.

Azərbaycan ali təhsil sistemi Avropa ali təhsil məkanının bir hissəsi kimi qarşısında strateji məqsədləri hədəfləyirsə, o zaman ali təhsil sferasında -innovasiyaların təşviqi, ömürboyu təhsil, tələbə yönümlü rəqabət mühiti və sair istiqamətlərdə öncül olmalıdır.

Strategiyada ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi, cəmiyyətin və iqtisadiyyatın tələbatlarına uyğun olaraq hər bir ixtisas üzrə müasir kurikulumların işlənməsi, ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin verilməsi, doktorantura səviyyəsi üçün elmi tədqiqat sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməyi təmin edən müasir standartların hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur

Bundan əlavə, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerdəyişmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi istiqamətində də mühüm işlərin görüləcəyi gözlənilir. Bütün bunların dəqiq çərçivəsi isə fəaliyyət planında öz əksini tapacaqdır.

- Cənab nazir, bir qədər də təhsilin digər istiqamətləri üzrə atılacaq addımlar barədə məlumat verərdiniz...


- Dövlət Strategiyası bütövlükdə təhsil sistemimizin modernləşdirilməsini nəzərdə tutur. Biz artıq təhsilin bir neçə əsas pilləsi üzrə görüləcək işlərə toxunduq.

Yaxın perspektivdə ali məktəb kampuslarının yaradılması, ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxanaların fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi istiqamətində də ardıcıl tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.

- Həyata keçiriləcək islahatlar zamanı beynəlxalq təcrübə nəzərə alınacaqmı?


- Şübhəsiz. Əslində, Dövlət Strategiyası hazırlanarkən qabaqcıl ölkələrin təhsil sistemlərinin müvafiq inkişaf istiqamətləri öyrənilib. Təsadüfi deyil ki, bütün bu məsələlər strategiyada ayrıca bir bölmə kimi verilib. Bu baxımdan təhsilin sosial-iqtisadi rolu, keyfiyyəti və əhatəliliyi, məzmunu, müəllim və tədris metodları, idarəetmə məsələlərinin hər biri üzrə dünyada mövcud olan meyillər nəzərə alınıb. Strateji hədəflər və onlara çatmaq üçün nəzərdə tutulan tədbirlərdə də öncül təcrübənin nəzərə alınması qırmızı xətt kimi keçir. Bu da anlaşılandır.

Məlumdur ki, hazırda dünyada baş verən qloballaşma prosesləri müxtəlif dövlətlərin, təhsil sistemlərinin inteqrasiyasını şərtləndirir. Hədəflər kimi Avropa Şurası tərəfindən tövsiyə edilmiş kompetensiyalar qrupu əsas götürülür. Artan tələbə-müəllim mübadiləsi nəzərə alınaraq təhsil standartlarının unifikasiyası məqsədi daşıyan Bolonya prosesi sürətlənir. Belə şəraitdə xarici təcrübəni nəzərə almamaq mümkün deyil. Amma bununla belə, qloballaşma həm də hər bir xalqın özünün milli-mədəni dəyərlərini qorumaq instinktini gücləndirir. Təbii ki, təhsil sahəsində həyata keçirilən islahat yönümlü tədbirlərdə də ilk növbədə milli-mədəni dəyərlər, tarixən yaranmış ənənələr qorunub saxlanacaqdır.

- Strategiyada müəllim hazırlığı və nüfuzunun artırılması məsələsi necə, əksini tapıbmı?

- Strategiyada bu məsələyə xüsusi yanaşma var. Ümumiyyətlə, təhsildə əsas meyar, başlıca düşüncə müəllimlə bağlı olmalıdır. Biz onu bilirik ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə imkanları olsa da belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyildir. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması, əsasən müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır.

Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfələr verirlər. Yeri gəlmişkən qeyd edək ki, təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Yüksək nüfuzlu təhsilverənin formalaşdırılması istiqaməti üzrə həyata keçiriləcək tədbirlər sırasına müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin yaradılması daxildir. Bu baxımdan təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması, pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması və digər məqamlar da nəzərdən qaçırılmamalıdır.

Bu istiqamətdə, həmçinin müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafına - səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazasında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılmasına dair bir sıra mühüm işlərin görülməsi də nəzərdə tutulmuşdur.

AzNews.az