İş otağında vəfat edən general dəfn olundu

23 Noyabr 2013 11:30 (UTC+04:00)

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyevlə vida mərasimi keçirilib.

AzNews.az-ın məlumatına görə, mərasimdə generalın yaxınları, Silahlı Qüvvələrin yüksək rütbəli zabit heyəti, hərbçi yoldaşları, Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri iştirak edib.

Mərasimdə bildirilib ki, general-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq, özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, DSX-ində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin Milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub. General II Fəxri Xiyabanda dəfn olunub.

Xatırladaq ki, general-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyev ötən gün – noyabrın 22-də 48 yaşında vəfat edib.

M. Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub.

O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb.

2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə M. Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.

M. Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlər, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif edilib. Allah rəhmət eləsin!

Məhəmməd
AzNews.az