Elxan Mehdiyev: “Suriyalı ermənilər Qarabağda yaşaya bilməz”

8 Avqust 2012 16:23 (UTC+04:00)

Ermənistan hava yolları şirkəti "Armavia"nın Suriya ermənilərini ölkəyə daşıdığı barədə məlumat neçə gündür gündəmin əsas müzakirə mövzusudur. Bu ölkənin rəsmi məlumatlarında suriyalı ermənilərin Ermənistana gətirildiyi bildirilir. Əslində isə köçürmə siyasətində məqsəd ermənilərin Qarabağa yerləşdirilməsi və bununlada demoqrafik vəziyyəti dəyişməkdir. Newsarmenia.ru saytının verdiyi məlumatda təkcə bu ay ərzində Aleppo – İrəvan reysi ilə 593 Suriya ermənisinin ölkəyə gətirildiyi bildirilib. Suriyada yüz minə yaxın erməni yaşadığını və onların Ermənistana, dolayısıyla Qarabağa yerləşdirilməsini nəzərə alsaq, bu, ölkəmiz üçün ciddi problemlərin yaranması deməkdir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma bağlı rəsmi Bakı beynəlxalq qurumları məlumatlandırsa da, ortada real addımların atılmasına isə rast gəlinmir.

AzNews.az-a ermənilərin köçürmə siyasətini şərh edərkən politoloq Ərəstun Oruclu deyib ki, hər şeydən əvvəl bu məsələdə problem Dağlıq Qarabağda demoqrafik durumla bağlıdır. Onun sözlərinə görə, qondarma qurumun keçirdiyi son "prezident" seçkiləri kampaniyasının nəticələrinə diqqət yetirəndə Dağlıq Qarabağda yaşayan ermənilərin 180 min nəfərdən çox olduğu qənaətinə gəlmək olar: "Amma mötəbər mənbələr-ABŞ, Avropa, qərb mənbələri iddia edirlər ki, bütünlükdə Dağlıq Qarabağ ərazisində cəmisi 40-45 min nəfər erməni yaşayır. ATƏT-in faktaraşdırıcı missiyasının apardığı son araşdırmalar nəticəsində qanunsuz məskunlaşdırma ilə bağlı xeyli faktlar aşkarlanmışdı. Məlum olur ki, hətta yerli Qarabağ erməniləri də ordan çıxıb gedirlər. Bu demoqrafik problemi həll etmək məqsədilə əllərinə düşən şansdan yararlanmaga çalışırlar. Suriyadan qaçan erməniləri gətirib erməniləri orda yerləşdirirlər".

Azərbaycanın beynəlxalq qurumlara müraciətinin reaksiya doğurmamasına gəlincə, Ə.Oruclu bildirb ki, ATƏT münaqişənin həllində vasitəçi qurumdur. Bu baxımdan da o, tərəf tutmamaq adı altında yalnız faktların konsultasiyası ilə məşğul olmağa çalışır. "Hesab edirəm ki, bu məsələdə rəsmi Bakının mövqeyində zəiflik özünü göstərir.

Çünki rəsmi Bakı işğal olunmuş ərazilərdə qeyri-qanuni yerləşdirilmiş insanlar ordan çıxarılana qədər danışıqları dayandırmalıdır"- deyən politoloq qeyd edib ki, ermənilər faktiki olaraq danışıqlar prosesindən istifadə etməklə işgal olunmuş ərazilərimizdə qeyri-qanuni yerləşdirmə ilə məşğul oldugu dünyanın diqqətinə çatdırılmalıdır: "Beynəlxalq vasitəçilərdən də araşdırılıb ortaya çıxarılmış faktların, qüsurların aradan qaldırılması tələb edilməlidir. Rəsmi Bakı yalnız bundan sonra danışıqlar prosesinin davam etdirilə biləcəyini bəyan etməlidir. Amma Azərbaycan belə qəti mövqe ortaya qoymur, problemin həlli məsələsini ATƏT-in Minsk qrupunun üzərinə atıb. Minsk qrupunun fəaliyyəti isə hamıya bəllidir".

Digər siyasi şərhçi Elxan Mehdiyev isə AzNews.az-a bildirib ki, Azərbaycanın verəcəyi bəyanatın, ortaya qoyacağı kəskin mövqeyin də hansısa əhəmiyyəti olmayacaq. Politoloqun qənaətincə, əgər ermənilər Suriyadan gətirilən erməniləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirməyi planlaşdırıbsa onu da reallaşdıracaq: "Hələ üstəlik Amerika, Avropa, Rusiya da ona anlamla yanaşacaq. Çünki Suriyadakı vəziyyəti hamı bilir və müharibə gedən ərazilərdə yaşayanların təhlükəsizliyi baxımından onları kimlərinsə hardasa yerləşdirməsinə kimsə etiraz edə bilməz.

Bu mənada əgər Azərbaycan həmin ərazilərə nəzarət etmək imkanında deyilsə, orda qanunsuz yerləşdirməyə etiraz çağırışları da hansısa nəticəni verməz. Digər bir tərəfdən də heç düşünmürəm ki, Suriya erməniləri özləri də Ermənistan, yaxud da işğal olunan Azərbaycan ərazilərində məskunlaşmaqda maraqlı olsunlar. Onlar yaranmış fürsətdən istifadə edərək daha çox Amerika və Avropaya getmək yoluna üstünlük verərlər. İkincisi isə onlar tamamilə fərqli mədəniyyətə alışmış insanlardır. Yəni onlar Ermənistan ermənisi kimi deyil, tamamilə ərəb mədəniyyətinə qovuşmuş insanlardır. Onların gəlib ermənilərlə birlikdə yaşamaları, onların mədəniyyətinə uyğunlaşmaları mümkün deyil".

Hazırda işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin əsas söz sahibi olduqlarını vurgulayan E.Mehdiyev deyib ki, əgər ermənilər Xankəndi aeroportunu yeniləyib uçuşlar həyata keçirirsə və buna görə etirazla qarşılaşmırlarsa indi onlara heç nə deməzlər: "Belə olan halda müharıbə gedən Suriyadan kimlərsə gəlib Laçında, Zəngilanda, Kəlbəcərdə yerləşirsə kim nə deyəcək? 20 ildir Ermənistan bu əraziləri öz nəzarətində saxlayır. Hələ bundan sonra da Dağlıq Qarabağ və ətraf arazilərimizi nə qədər nəzarətdə saxlayacağı bilinmir. Heç Dağlıq Qarabağda qeyri-qanuni yerləşən ermənilərə heç kim, heç nə demir. Ona görə də Suriyadan gətirilən ermənilərin Suriyada Daglıq Qarabağda yerləşdirilməsinə də heç nə deməyəcəklər".


Gültən

AzNews.az