Bakıda - beşaddımlıqda ÖLÜM! - Foto

25 Noyabr 2013 12:30 (UTC+04:00)
Bir müddət əvvəl Füzuli-53 ünvanında 120 ailənin yaşadığı binada başlayan təmir işləri insan həyatı üçün ciddi təhlükə yaradıb. AzNews.az-ın ərazidə olan əməkdaşının verdiyi məlumata görə, təmir zamanı təhlükəsizlik qaydalarına ümumiyyətlə riayət olunmur. Bu isə insan həyatı üçün ciddi təhlükələr yaratmaqla bərabər laqeydlikdən doğan faciəni də qaçılmaz edir. Binanın təmiri zamanı təhlükəsizlik torundan istifadə olunmur ki, bu da hər an sakinləri və ərazidən keçənləri ölümlə üzbəüz qoyur. Sakinlər həyatları və əmlakları üçün ciddi narahatlıq keçirirlər. "Bu günlərdə təmir aparılan yuxarı mərtəbələrdən "Mercedes" markalı maşının üstünə daş düşüb. Maşına ciddi xəsarət dəyib. Bir anlıq həmin yerdə maşının yox, insan olduğunu düşünək. Vəziyyət necə olardi?" deyə sakinlər AzNews.az-a bildiriblər.

Sakinlərin sözlərinə görə, binada liftlərin dəyişdirilməsi üçün aparılan işlər vəziyyəti bir qədər də ağırlaşdırıb. Belə ki, bir aydan çoxdur ki, köhnə liftlər çıxarılıb, yerləri isə boşdur. Həmin boş hissə isə ağıllı başlı ölüm "mənbəyinə" çevrilib. Çünki, liftin yeri hansısa bir vasitə ilə bağlanmayıb. Buda mənzilindən çıxan hər bir şəxsin ora düşməsi təhlükəsini yaradır. Nəzərə alsaq ki, təmirlə əlaqədar blokların işıqları çıx vaxt yanmır və oralar tör-töküntü vəziyyətindədir, onda təhlükənin nə qədər real olduğunu görərik.

Ancaq binada təmir işlərini həyata keçirən şirkət nümayəndələri bu məsələləri nəinki diqqətə almır, əksinə narazılıqlara kobud reaksiyaları ilə seçilirlər. Hətta Balabəy adlı iş icraçısı narazı sakinlərin müraciətinə "Hər öz başını saxlasın" deyə cavab verib. Bütün bunlardan narahatlıq keçirən sakinlər ölkə prezidentinə müraciət etməyə hazırlaşırlar.

Azər
AzNews.az