Seyid Yəhya Bakuvi irsi öyrəniləcək – Tədbir

25 Noyabr 2013 16:09 (UTC+04:00)

Bakıda "Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik" mövzusunda Beynəlxalq Simpozium keçirilib.

AzNews.az-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi simpoziuma Azərbaycan, Türkiyə, Orta Asiya və Balkan ölkələrindən 300-dən çox qonaq, o cümlədən rəsmi şəxslər, elm adamları və din xadimləri qatılıb.

Simpoziumun açılış mərasimi DQİDK-nın təşəbbüsü ilə çəkilmiş "Əbədi işığın abidəsi: Şamaxı Cümə məscidi" filmi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü UNESCO tərəfindən elan edilmiş Seyid Yəhya Bakuvi (Şirvani) ili çərçivəsində 30-dan artıq silsilə tədbirlər keçirilib.

E. İskəndərov Seyid Yəhya irsinin və təsəvvüf yolunun Azərbaycanda milli kimliyin əsasında duran dini tolerantlığın formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmış, bildirib ki, ölkəmizdə uzun əsrlər boyu formalaşmış tolerantlıq ənənələri bu gün Azərbaycan dövləti tərəfindən təşviq edilir: "S.Y.Bakuvi və onu şöhrətləndirdiyi Xəlvətiyyə təriqətinin dünyaya buraxdığı irs – istər dinlərarası tolerantlıq dünyagörüşünün, istər məzhəblərarası münaqişələrin qarşısının alınmasında, istərsə də dini radikalizmlə mübarizədə - bu gün də aktualliğini itiriməmişdir".

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, tarixi şəxsiyyətlərin tanıdılması önəmlidir. Seyid Yəhya kimi şəxsiyyətlərlərin tanıdılması istiqamətində apararılan işlərə dəstək verdiyi üçün Dövlət Komitəsinə təşəkkür edən Allahşükür Paşazadə DQİDK-ın son illərdə həyata keçirdiyi fəaliyyəti təqdir edib.

Türkiyənin Diyanət İşlər Başqanının müavini Hasan Yılmaz bildirib ki, bu silsilə tədbirlərinin yekunun məhz Bakıda Seyid Yəhya Bakuvinin vətənində keçirilməsi xüsusilə əhəmiyyətlidir. O qeyd edib ki, dahi mütəfəkkirin bütün İslam dünyasına olan xidmətlərinin tanıdılması istiqamətində bu çox böyük addımdır.

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə deyib ki, Seyid Yəhya Bakuvi əsərlərini müxtəlif dillərdə yazsa da ən əsas əsərini ana dilində yazmış, bununla da Azərbaycan fəlsəfi elminə öz tövhəsini vermişdir: "Bu gün həm ölkəmizdə təhsil islahatlarının davam etdiyi bir vaxtda məhz Seyid Yəhya Bakuvi irsinin öyrənilməsi çox önəmlidir".

Türkiyə Cumhiryyətinin Təhsil nazirinin müavini Orhan Erdəm nazir Nadi Alcının təbriklərini çatdıraraq Seyid Yəhya Bakuvi simpoziumuna uğurlar arzulamışdır.

Tədbir "Savalan" qrupunun ifasında irfan musiqisindən ibarət konsert və muğam ustası Alim Qasımovun ifasından ibarət proqram ilə davam edib.

AzNews.az