Qadını şikəst edən cərrah məhkəməyə verilir – Həkim terroru

26 Noyabr 2013 12:19 (UTC+04:00)
Bakıda həkim səhlənkarlığı və qeyri-peşəkarlığının qurbanı olan L.Mahmudova əməliyyat zamanı yanlışlığa yol verən həkimi məhkəməyə verir.

Bu barədə AzNews.az-a məlumat verən L.Mahmudovanın sözlərinə görə, yanlış əməliyyatdan keçən 11 ay ərzində 3 min manatlıq uşaq bezindən istifadə etməli olub: "Ötən il oktyabrın 20-də Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində əməliyyat olundum. Ancaq əməliyyat zamanı yanlışlıqla sidik kanalı da kəsildi və o gündən sonra mən uşaq bezi ilə yaşamağa məcburam".

Bu hadisədən sonra 48 yaşlı qadının ailə həyatı uğursuzluğa düçar olub, işini itirib: "18 yaşlı oğlum həm özünü, həm də məni dolandıra bilmir. Vəziyyətimlə əlaqədar işimi itirmişəm. Xəstəxanada Gülgəz həkim məni əməliyyat edib. Əməliyyatdan sonra vəziyyətim daha da pisləşdi. Sonra öyrəndim ki, sidik kanalının bir hissəsi kəsilib. Həkim indiyə qədər mənə ehtiyaclarımı ödəmək üçün 900 manat pul verib. Ancaq 11 ayda mən təkcə uşaq bezinə 3 min manat vermişəm. Buna görə də mənə dəyən mənəvi, maddi ziyana görə təzminat tələb edirəm".

L.Mahmudova hüquqi yardımla bağlı "Təmiz dünya" İctimai Birliyinə müraciət edib. Qurumdan verilən məlumata görə, artıq məhkəməyə təqdim olunmaq üçün sənədlər hazırlanır.

AzNews.az məsələ ilə bağlı xəbərdə adı çəkilən Gülgəz həkimlə əlaqə saxlamağa cəhd etsə də, xəstəxanadan onun işdə olmadığı və heç bir sualı cavablandırmayacağı bildirilib.

Elnarə
AzNews.az